Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 11:51
Azərbaycanın uğurlarına tab gətirə bilməyən bəzi müxalif qruplaşmalar xırda nöqsanları şişirtməklə gündəmdə qalmaq istəyirlər.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekseprt Bəhruz Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasınin (BSMM) Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fevralın 10-da ilkin açıqlamalarına münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, həmin qruplaşmalar bu dəfə də heç bir əsas olmadan Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə kölgə salmaqla gündəmdə qalmaq istəyirlər:
"Bu qruplaşmalar həmişə ölkədə keçirilən seçkilərə kölgə salmağa cəhd ediblər. Xüsusən də onlar beynəlxalq təşkilatların hesabatlarında kiçik bir nöqsan görərkən onu qabardaraq hay-küy salmaq istəyirlər. Xalq isə artıq onların xislətinə bələddir.
9 fevral 2020-ci ildə keçirilmiş seçkilərin nəticələri bir sıra nüfuzlu qurumlar, beynəlxalq təşkilatlar, eləcə də monitorinq qrupları tərəfindən yüksək qiymətləndirilib və bu barədə onların rəsmi hesabatları, bəyanatları ölkə KİV-ləri tərəfindən ictimailəşdirilib".
Bəhruz Quliyev qeyd edib ki, hesabatda bir sıra müsbət məqamlar yer alıb və həmin məqamlarda vurğulanan hər bir fikir seçki prosesinin şəffaflığını, demokratikliyini əks etdirir: "Baxın, həmin hesabatda çoxlu sayda namizədlərin qeydə alınması barədə bildirilən fikir sübut edir ki, həqiqətən də bu seçkilər daha öncəki seçkilərdən müxtəlif üstünlükləri ilə seçilib. Namizədlərin sayı ötən seçkilərdən iki dəfə artıq olub. Həmçinin, bu seçkilərdə 19 siyasi partiya namizədləri iştirak ediblər ki, onların müşahidələrini 89 min yerli və 883 beynəlxalq müşahidə missiyaları aparıb. Əslində, bu çox sevindirici haldır ki, zaman-zaman daha çox neqativ, əsassız fikirlər üzərində hesabatlar yayan bu kimi Avropa qurumları artıq Azərbaycandakı demokratik dəyərlərin möhkəmləndirilməsi reallığını qəbul və etiraf edirlər".
"Bu qurumların hesabatlarında o da bildirilir ki, seçki administrasiyası resurslarla yaxşı təmin olunmuşdu və qısa vaxta baxmayaraq qanunla müəyyən edilmiş bütün müddətlərə riayət edilib", - deyə xatırladan siyasi ekspert həmin qurumların MSK-nın da işini yüksək dəyərləndirilməsinin irəliləyiş olduğunu bildirib: "Həqiqətən də MKS şəffaflıq prinsiplərini tətbiq etmək üçün maksimum gücünü ortaya qoydu və əlbəttə ki, burada məntəqələrdə çoxsaylı veb kameraların quraşdırılmasından tutmuş digər mühüm məqamları göstərmək olar. Eləcə də, MSK-nın saytı demək olar ki, anbaan müxtəlif DSK-lardan verilən məlumatları ictimaiyyətə təqdim edib. Seçkilərlə bağlı keçirilən iclaslar həm yerli və xarici müşahidəçilərə, həm də jurnalistlərə açıq idi ki, bu da informasiyaların operativ çatdırılması üçün əhəmiyyət kəsb edirdi. Məhz hesabatlarda həmin reallıqların dəyərləndirilməsi də sübut edir ki, Avropa təşkilatları Azərbaycanda dinamik inkişaf edən demokratikləşmə prosesini əvvəlki vaxtlardan fərqli olaraq görür və dərk edirlər. O da sevindirici haldır ki, ATƏT DTİHB, ATƏT PA və AŞPA nümayəndə heyətləri Ermənistanın işğalçı siyasətini birbaşa olmasa da, dolayı yolla etiraf ediblər, münaqişə nəticəsində Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilərin keçirilə bilinmədiyini bəyan ediblər. Bu baxımdan, ümid edirik ki, gələcəkdə həmin məsələ də, qurumların iclaslarında müzakirəyə çıxarılacaq, ikili standartlardan imtina ediləcək. Biz ən azı bunu istəyir və ümid edirik ki, seçkilərin nəticələrinə mənfi təsir edən bu məqam, yəni Ermənistanın işğalçılıq siyasəti sərt şəkildə qınanılsın. Yəni Avropanın adıçəkilən təşkilatları məcburi köçkünlərin seçki hüquqlarının tam bərpa olunması üçün səylərini artırmalıdırlar, halbuki bütün maneələrə baxmayaraq, onların seçki hüquqlarının təmin edilməsi üçün Azərbaycan dövləti əhəmiyyətli addımlar atır ".
"Ümumiyyətlə, konstruktivlik olan yerdə əməkdaşlıq da olur və bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qərəzdən, şərdən, böhtandan uzaq olmaq lazımdır ki, artıq həmin məsələlər adıçəkilən qurumlar tərəfindən dərk edilir", - deyən Bəhruz Quliyev sonda onu da bildirib ki, bütün bunların təməlində ölkə başçısı İlham Əliyev tərəfindən reallaşdırılan çoxşaxəli islahatlar dayanır:
"Bu islahatların parlamentin yenilənməsində də tətbiq edilməsi, nəticədə parlament seçkiləri kontekstində həyata keçirilməsi, seçkilərin demokratiya və şəffaflığa söykənməsi faktı və bu faktın daha əvvəllər qərəz yayan təşkilatlar tərəfindən də müəyyən mənalarda müsbət qiymətləndirilməsi deyilənləri sübut edir. Belə ki, Azərbaycan dövləti də öz dürüstlüyü, əməkdaşlıq və s. məsələlərindəki özünəinamı ilə heç bir qərəzlərdən çəkinmir, əksinə, konstruktivlik amilini öndə tutur. Ona görə də hesab edirəm ki, ATƏT DTİHB, ATƏT PA və AŞPA kimi qurumlar da artıq bunu anlayır, konstruktivlik üzərində əməkdaşlıq fəaliyyətinin daha səmərəli olduğunu anlayırlar".