Tarix: 17 Fevral 2020 17:34
“Ramilin “Sabah”a keçməsi klub üçün üstünlük olacaq. Çempionatda onlara çox kömək edəcək”.
Bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. Yığmamızın hücumçusu Ramil Şeydayevin “Sabah”a keçidinə münasibət bildirən millimizin sabiq kapitanı bunu futbolçu üçün geri addım adlandırıb:
"Onun saviyyəsində, o potensialda olan bir futbolçunun daha yüksək liqalarda oynaması məsləhət olunardı. Yəni irəli addım deyil. Amma biz sadəcə, kənardan danışırıq. Şərait, şərtlər necədir, menecerlər onu xaricə göndərə bilərmi, getməyə imkanı varmı, bunları bilmirik. Mənə görə, onun Hollandiyanın Belçikanın, Portuqaliyanın bir az aşağı səviyyəli komandalarında da olsa çıxış etməsi yığmamız üçün daha çox uğur gətirə bilərdi. Ramilin karyerasına baxsaq, bir komandada çox qalmır. Futbolçunun inkişafı üçün onun bir yerdə qalıb, oynaması daha yaxşı effekt verir. “Sabah”a 6 aylıq gəlib, oynamasa, onun üçün mənfi olacaq. “Qarabağ”da oldu, alınmadı, ehtiyatda qaldı. Yenə getdi, başqa komandada oynamağa baladı. Amma sonra yenə də ehtiyatda qaldı. Ehtiyatda qalmaq artıq Ramil üçün mənfi bir məqamdır. “Qarabağ”da da ona şans verildi. Lakin “Qarabağ”ın o dövrdə məqsədləri başqa idi. Çempionlar Liqasında oynayırdılar. Orada oynadıqlarına görə futbolçu inkişaf etdirmək fəlsəfəsi onlarda yanlış olardı. Ramil də elə bir yaş dövründə idi ki, onda səhv edib, təcrübədən keçib, yetişməli idi. Əgər səhv edirsənsə, komanda məğlub ola bilər. Ona görə deyirəm ki, Hollandiyanın, Belçikanın orta komandalarında onlar üçün nəticə fərq eləmir. Onların nəticə olaraq hədəfləri yalnız futbolçuları inkişaf etdirib, satmaqdır. Ramilin belə komandalarda çıxış etməsi yığmamız üçün uğurlu ola bilərdi".
A.Kərimov Şeydayeyin Azərbaycana qayıdışının yığmamıza da mənfi təsir edə biləcəyini vurğulaıb: "Ramilin adına və milli komandanın inkişafı baxımından danışsaq, bu, geriyə atılan bir addımdır. Amma “Sabah”ın uğurlu transferinə kölgə salmaq niyyətim də yoxdur. Klub olaraq yaxşı bir oyunçu, hücumçu alıblar”.