Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 14:15
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya uğurlu səfəri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yeni bir mərhələnin əsasını qoydu.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev səfər çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə çox səmərəli görüşlər keçirdi:
"Prezident İlham Əliyev, eyni zamanda İtaliyanın ən böyük maliyyə-bank qurumu olan "Cassa Depositi Prestiti SpA"nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib. Görüş zamanı "Cassa Depositi Prestiti SpA"nın prezidenti Covanni Qorno Tempini İtaliya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyini bildirdi. O, ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə vermək məqsədilə İtaliyanın bəzi ən yaxşı sənaye liderləri olan şirkətlərinin irəli sürdüyü təşəbbüsləri Prezident İlham Əliyevin diqqətinə çatdırdı".
B.Əliyev vurğulayıb ki, bu gün İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşıdır: "2019-cu il ərzində Azərbaycandan ixracın böyük bir hissəsi (28,7 faizi) İtaliyaya olub. Azərbaycan İtaliya ilə irimiqyaslı beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir, eyni zamanda bu ölkənin xeyli sayda şirkətləri Azərbaycanda fəaliyyət göstərir".
Millət vəkili qeyd edib ki, səfər çərçivəsində Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamənin imzalanması mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə əsasən, bu sənəd qarşıdakı illər ərzində iki ölkə arasında sıx əməkdaşlığı müəyyən edən vacib siyasi sənəd olmaqla yanaşı, ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir:
"Bu sənədin ən mühüm tərəfi isə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşması və bunu dəstəkləməsidir. Bəyənnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həllinə dəstək ifadə olunub. İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir. Bu sənədi Azərbaycanın növbəti beynəlxalq qələbəsi kimi dəyərləndirmək olar. Prezident İlham Əliyevin İtaliyaya səfəri həm siyasi, həm iqtisadi, həm də strateji əməkdaşlığın gələcək inkişafı baxımından dövlətin uğurlu xarici siyasətinin davamıdır".