Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda seçkilər: ''İslahatçılar''la ''mühafizəkarlar'' arasındakı sərt qarşıdurma - ŞƏRH

İranda seçkilər: ''İslahatçılar''la ''mühafizəkarlar'' arasındakı sərt qarşıdurma - ŞƏRH

Tarix: 21 Fevral 2020 15:32

Bu gün İranda parlament seçkiləridir. Ölkənin birpalatalı "Majlese Şuraye Eslami"sindəki 290 yer uğrunda 7418 namizəd mübarizə aparırlar. Onların 290 nəfəri deputatlar, 798 nəfəri isə qadınlardır.

Eyni zamanda, bu gün İranda Ekspertlər Məclisinin ("Majlese Xobgerane Rahbari") 5-ci heyətinə aralıq seçkilər də keçirilir.

Səsvermə prosesi yerli vaxtla saat 20.00-dək davam edəcək. Lakin zərurət yaranarsa, seçki məntəqələrinin işi uzadılacaq. İlkin nəticələr sabah bəlli olacaq.

Kiçik əyalətlərdə nəticələr fevralın 22-də, iri şəhərlərdəki sonuclar isə fevralın 23-də açıqlana bilər.

İranın 83 milyonluq əhalisinin 58 milyon nəfərinin səsvermə hüququ var.

Seçici aktivliyi hələlik yüksək deyil. Məsələn, Tehranda aktivlik təxminən 22-26 faiz arasındadır. Üstəlik, Qum şəhərində iki gün əvvəl yeni koronavirus aşkarlanıb.

Bu virusa yoluxmuş 2 nəfər xəstəxanada vəfat edib. Dünənsə Qum və Ərak şəhərlərində daha 3 virusa yoluxma faktı qeydə alınıb.

Seçkilərə gəldikdə isə, ərəfədəki olaylar maraqlı idi. Ayətulla Cənnətinin rəhbərlik etdiyi Konstitusiya Mühafizləri Şurası qeydiyyata alınmaq istəyən və "islahatçı" düşərgənin lideri prezident Həsən Ruhanini dəstəkləyən düşərgəyə mənsub olan namizədlərin 75 faizinə "olmaz" cavabı vermişdi.

Bu isə parlamentin 11-ci çağırış heyətinə seçkilərdə müxaliflərin, yəni mühafizəkarların şanslarını dəfələrlə artırıb.

Məsələn, 2005-2017-ci illərdə sabiq polis şefi, paytaxt Tehranın meri olmuş Məhəmməd Bağır Qalibafın tərəfdarlarından ibarət olan mühafizəkarlar Tehranda siyasi baxımdan ən önəmli olan 30 dairədə qalib gələ bilərlər.

İrandakı parlament seçkilərinin gedişatını əslində 2018-ci ilin mayında ABŞ prezidenti Donald Tramp dəyişmişdi. Onun göstərişi ilə ABŞ-ın İranın nüvə proqramı ilə bağlı "Altılıq" qrupunu tərk etməsi İranda "mühafizəkarlar"ın mövqelərini xeyli gücləndirmişdi.

Onu da xatırlatmaqda fayda var ki, Həsən Ruhani prezident seçiləndən sonra "İslam İnqilabı Keşikçiləri Korpusu"nun ("Pəsdəran") funksionerlərini ölkədə aparılan liberal islahatlar çərçivəsində iqtisadiyyatın bir sıra sektorlarından kənarlaşdırmışdı.

Ruhani həmin islahatlar vasitəsilə İranın Qərblə yaxınlaşmasına və ölkədə elmi-texniki sıçrayışa nail olmaq istəyirdi.

Amma ABŞ-ın "Altılıq" qrupunu tərk etməsi, Vaşinqtonun sonrakı çox ağır və sərt sanksiyaları Ruhaninin siyasi mövqeləri ilə çəkisinə dağıdıcı zərbələr oldu.

"Pəsdəran", mühafizəkar siyasətçilər və xüsusilə də din xadimləri bundan dərhal yararlanaraq əks-hücuma keçdilər.

General Qasım Süleymaninin İraqda qətlə yetirilməsindən və regionda vəziyyətin gərginləşməsindən sonra qarşıdurma kəskinləşmişdi.

Tehran səmasında Ukraynanın sərnişin Boeing-nin vurulmasından sonra isə Ruhaninin tərəfdarları faciədə "Pəsdəran"ı suçlayaraq təşəbbüsü ələ almağa çalışdılar.

Bugünkü parlament seçkiləri İranda son 4 ildə "islahatçılar"la "mühafizəkarlar" arasındakı sərt qarşıdurmanın sonuclarını göstərəcək.

Üstəlik, bugünkü seçkilər gələn il keçiriləcək prezident seçkilərinin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edəcək.

...Bu gün Tehranın sabiq prokuroru Cəfər Dövlətabadi və Milli Olimpiya Komitəsinin sədri Rza Salehi Əmiri səs verəndən sonra "Hər şey əladır!" deyiblər. Eynən ayətulla Nəsir Məkarem Şirazi kimi.

Orxan Hun


Etiketlər:  İranda seçkilər İslahatçılarla mühafizəkarlar arasındakı sərt qarşıdurma ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ