Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 14:54
"Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdən bu günədək ölkəmizlə İtaliya arasında siyasi, iqtisadi, mədəni və elm sahələrində gözəl münasibətlər mövcud olub. Hər iki ölkə arasında siyasi və iqtisadi cəhətdən maraqlar hər zaman üst-üstə düşüb, bir-biirini tamamlayıb. Azərbaycan və İtaliya möhkəm təməllər üzərində qurulan əməkdaşlığı daim dəstəkləyib, yüksək səviyyədə genişləndirilməsində maraqlı olublar. 1997-ci ilin sentyabrında Prezident Heydər Əliyevin, 2005-ci ilin fevralında və 2008-ci ilin noyabrında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan verib, Azərbaycan-İtaliya əlaqələrində yeni mərhələlərin başlanğıcını qoyub. Ölkələrimizin tarixində silinməz izlər qoyan bu səfərlər əlaqələrimizin inkişafının təməl daşına çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 19-da İtaliya Respublikasına dövlət səfəri isə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı yolunda növbəti addım kimi tarixə düşdü".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, bu uğurlu səfər Azərbaycanla İtaliya arasında münasibətlərin, tərəflər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Müxtəlif sahələrdə fəaliyyət göstərən İtaliya şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlər, iki dövlət arasında ümumilikdə 28 sənədin imzalanması, Azərbaycan-İtaliya biznes forumu kənd təsərrüfatı, sənaye avadanlıqlarının istehsalı, nəqliyyat və infrastruktur, İKT, energetika və ekoloji təmiz texnologiyalar kimi sahələrdə əlaqələrin inkişafına yeni baxış oldu. Əməkdaşlıqda prioritet təşkil edən Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılması İtaliyaya enerji problemlərinin öhdəsindən gəlməyə və Avropanın qaz qovşağına çevrilməyə imkan yaradacaq:
"Qürurverici haldır ki, 2020-ci ilin sonunadək Azərbaycan qazı İtaliyaya daxil olacaq və buradan Avropanın digər ölkələrinə tədarük ediləcək. Beləliklə, TAP layihəsi qitənin qaz bazarında rəqabəti artırmaqla Avropanın enerji xəritəsində vacib rol oynayacaq və Azərbaycanla İtaliyanın qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyətini möhkəmləndirəcək.
İtaliya-Azərbaycan biznes forumu yerli mətbuatda geniş yer alıb, İtaliya tərəfinin bu forumdan böyük nəticələr gözlədiyi, Romada imzalanmış "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə", habelə çoxsaylı biznes anlaşmaları nəinki İtaliyanın idxal etdiyi xam neft və təbii qaz mənbələrinin şaxələndirilməsinə, həm də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyi qeyd edilib".
N.Həmzəyevin sözlərinə görə, daha bir maraqlı məqam ondan ibarət olub ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkədə Azərbaycan mədəniyyət ilinin açılışına təsadüf edib:
"Bu tədbir çərçivəsində 10 ay ərzində bütün İtaliya ərazisində şoular, teatr tamaşaları, konsertlər, sərgilər və görüşlər keçiriləcək ki, bu da italyanlara Azərbaycanın ənənələri və mədəniyyəti ilə yaxından tanış olmağa imkan yaradacaq.
"İtaliya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Azərbaycan Prezidentinin İtaliyaya tarixi əhəmiyyətli dövlət səfəri bunu daha da gücləndirməklə strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək". İtaliya Prezidenti Sercio Mattarella Romada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətində səsləndirdiyi bu fikirlər Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təsdiq edib. Xüsusi ilə qeyd etmək lazımdır ki, İtaliya Azərbaycanın Avropa İttifaqı və ATƏT çərçivəsində sıx əməkdaşlıq etdiyi ölkə kimi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrdə həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, ölkəmizin səmimi, qətiyyətli və sadiq tərəfdaşı olduğunu təsdiq edib".