Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Veteranlar təklif etdi ki, milli yerli məşqçiyə tapşırılsın” – Vaqif Sadıqov

“Veteranlar təklif etdi ki, milli yerli məşqçiyə tapşırılsın” – Vaqif Sadıqov

Tarix: 28 Fevral 2020 18:28

Bu gün Futbol Veteranları İttifaqının təşəbbüsü ilə Bakı Biznes Mərkəzində veteran futbolçularla görüş keçirilib. Görüşdən sonra AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun Qol.az saytına müsahibə verib.

- Görüşdə məqsəd nə idi? Nələr müzakirə olundu?

- Belə görüşün olmadığı sevindirici haldır. Orada çıxış edənlər də vurğuladı ki, çoxdandır bu cür geniş şəkildə yığışmamışdıq. Bu, çox önəmli addımdır. Hazırda  veteranları Azərbaycan futbolunda olan durumu, prosesləri nəzərə alıb, müzakirələrə qoşulublar. Bildirilib ki, onların hər biri öz tövsiyələrini, təkliflərini deyə bilərlər. Hər biri AFFA rəhbəriliyi tərəfindən müzakirə ediləcək, həyata keçirməyə çalışacağıq. Ən vacibi odur ki, yaşıl meydanlarda çiyin-çiyinə olduğumuz futbolçuları, rəqib olduğumuz oyunçuları, müəllimlərimizi, tələbələrimizi görə bildik. El dilində desək, duz-çörək kəsən insanlar bir araya gəlib, bugünkü vəziyyəti müzakirə edib və öz təcrübələrindən istifadə edərək tövsiyyələr verdilər. 

- Veteranların təklifləri və istəkləri nə oldu?

- Xeyli təklif sırf ittifaqın sədri Oqtay Abdullayevdən gəldi. O, bunları yazılı şəkildə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova təqdim etdi. Orada xeyli təklif, istək var idi. Ona görə də bir-bir sadalaya bilmərəm. Bundan başqa, çıxış edənlər xahiş etdilər ki, veteranlara bir status verilsin. Müzakirələr çox idi. Kimi milli komanda üçün məşqçi məsələsinə toxunurdu, kimi çempionatda az komanda olması haqda danışırdı. Sırf bizim peşəmizə aid olan suallar idi. Ən vacibi odur ki, biz bu gün bir yerə yığılıb, müzakirə etdik. Hesab edirəm ki, bu, mütləq öz bəhrəsini verəcək və ümumiyyətlə, təklif edildi ki, belə görüşlər ənənəyə çevrilsin və veteranlar öz sözlərini deyə bilsinlər.

- Görüşdə veteranlar milli komandaya yerli məşqçinin gətirilməsi təklifini etdilərmi?

- Veteranlar təklif etdi ki, azərbaycanlı mütəxəssis çalışdırsa, qat-qat yaxşı olar. Biz yerli məşqçilər həmişə bunun tərəfdarı olmuşuq. Orada çoxu tövsiyə etdi ki, millini yerli məşqçiyə etibar etmək lazımdır. Yəni bunlar ancaq tövsiyə kimi qəbul olundu. 

- Məşqçi seçimindən söz düşmüşkən, açıqlanan 32 namizəd arasında yerli mütəxəssis yoxdur. Bunun səbəbi nədir?

- Sırf İcraiyyə Komitəsinin iclasında yerli və əcnəbi məşqçilərin namizədliyi müzakirə olunmuşdu. 32 xarici məşqçinin adı açıqlandı. Amma o vaxt iclasda tövsiyə olundu ki, yerli məşqçiləri də müzakirə edək. Onda siyahı yox idi. Söhbət sırf siyahıdan yox, istiqamətdən gedirdi ki, yerli mütəxəssis olmalıdır, yoxsa əcnəbi.

- Bəs, bu məsələdə sizin şəxsi fikirləriniz necədir?

- Mən fikrimi elə orada da bildirdim. Yenə də üstündə dururam. Bu gün hər bir qərar verilə bilər. Amma elə qərar qəbul olunmalıdır ki, bundan Azərbaycan futbolu utanmasın, öz bəhrəsini görsün. Əgər biz əcnəbiyə üstünlük verəcəyiksə, mütləq 23 yaşlılardan ibarət milli komanda yaratmalıyıq. Bu da hal-hazırda 21 yaşda çıxış edən futbolçulara şamil olunacaq. Hansı ki, bu ilin sonunda seçmə mərhələni bitirirlər və gələn il yollarını davam etdirməklə özlərini püxtələşdirmək üçün şans əldə edəcəklər. Onlara da mütləq yerli mütəxəssis rəhbərlik etməlidir ki, beynəlxalq təcrübəyə malik olsun. Çünki belə olan halda biz həmin mütəxəssisi gələcəkdə əsas yığmaya namizəd kimi göstərə bilərik. O vaxt mən bunu belə bildirdim. Bizdə 21 yaşlı futbolçulara limit tətbiq olunur. Limit bitəndən sonra onların əksəriyyəti əsas heyətdə yer almır. Çoxunun adını çəkə bilərəm - Orxan Əliyev, Elşən Abdullayev, Sadiq Quliyev, Azər Salahlı və sair. Həmin oyunçular 21 yaşlılarda ən fəallardan idilər. O vaxt milli komandaya rəhbərlik edən məşqçilər onları yığmaya dəvət edirdilər. Limit bitəndən sonra isə əsas heyətdə yerlərini itirirlər. Biz onları ümumiyyətlə, görmürük. Ona görə də təklif olundu ki, futbolçu itirməmək üçün bu 21 yaşlı futbolçuların fəaliyyətinin davamını gətirmək üçün 23 yaşlılardan ibarət milli komanda yaradılsın və ən vacibi, onlara rəhbərlik edən yerli mütəxəssis olun. Əgər bu gün Azərbaycanda Qurban Qurbanovdan başqa beynəlxalq təcrübəyə malik yerli mütəxəssis yoxdursa, imkan yaradaq ki, bizim yerli məqşçilərimiz o təcrübəyə yiyələnsin, fəaliyyət göstərsin. Əsas milli üçün nə dərəcədə hazır olduğunu sübut etsin. O vaxt belə bir tövsiyə olub. Bu, müzakirələrə davam etmək şərti ilə İcariyyə Komitəsini növbəti iclasına qaldı. Biz İcraiyyə Komitəsinin iclasında 21 yaşlılarla bağlı qərarı 2 dəfə dəyişmişik və 1 il uzadıb, onlara 2 il yox, 3 il limitə uyğun klublarda çıxış etməyə imkan yaratmışıq. Yığma komandaların baş məşqçilərinin təklifi ilə razılığa gəlinib.  Biz bu təkliflərin bəhrəsini görürük. 1992-1993-cü il təvəllüdlü xeyli futbolçular indi də bizim yığmada yer alırlar. 1996-cı ildən olanlardan Mahir Emreli də çıxış edirdi. Bu gün milli komandada nəsildəyişmə prosesi gedir. Allah bütün təcrübəli futbolçularımızın canını sağ etsin. Çox oynayıb, bizim hər birimizi sevindirməyə qadir olsunlar. Amma gec-tez o proses həyata keçiriləcək. İstər-istəməz kimsə onları əvəz edəcək. Ancaq biz tövsiyə etdik ki, hazır beynəlxalq təcrübəyə malik oyunçular əvəz etsin. Yəni, sırf gəncləri yığmaya cəlb etməklə, təcrübəsizliklə vaxt itirməkdənsə, 23 yaşlılardan ibarət milli komanda yaradaq və 21 yaşlı futbolçulara fəaliyyəti davam etdirmək üçün şans verilsin. Onlar da beynəlxalq təcrübə yığsın, tam futbolçu kimi formalaşsın, milli komadaya daxil olanda hər hansı bir problemlərlə üzləşməsin.


- Amma U-23 məsələsi birmənalı qarşılanmadı.

- İstər-istəməz geniş izaha ehtiyac var idi. O vaxt mən də Azərbaycanda olmadım. 17 yaşlılarla 2 həftə Antalyada oldum. Amma yadımadır ki, İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında bildirdim ki, bu gün həmin sistemi aşağı yaş qruplarında tətbiq etmişik və 16 yaşdan 19 yaşadək bütün yığmalar fəaliyyətə başlayıb.  Bir-birinə zəncirvari bağlılıq var. Hesab edirəm ki, biz Məşqçilər Komitəsi olaraq U-23 məsələsini tövsiyə ediriksə, ilk növbədə milli komandaya baş məşqçi təyinatından sonra həmin mütəxəssislə məsləhətlər aparmalıyıq və ondan sonra birinci komandadan 20 yaşlılra qədər o sistemi bərpa edib, üzərində çalışmalıyıq. Yəni, burada yığmanın baş məşqçisinin kim olacağı, hansı fəlsəfə ilə yanaşacağı çox önəmlidir. Çünki biz də onunla müzakirə aparacağıq. Tövsiyələr, məsləhətlər veriləcək. Qəbul olunub, olunmayacağını bundan sonra demək olar.

- AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov müsahibəsində U-23 ideyasının təsdiqlənmədiyini demişdi.

- Mən onu tövsiyə edəndə məsələ hələ kiçik formada idi. Hələ müzakirələrin davamını İcraiyyə Komitəsinin növbəti iclasında gətirməliyik. Biz bu layihəni gələn ildən həyata keçirməliyik. Yəni, vaxt var. Burada yenə deyirəm, önəmlisi yığma komandanın baş məşqçisinin fikridir. Əcnəbi olacaqsa, hansı əcnəbi olacaq. Yerli olacaqsa, hansı yerli olacaq. Onunla müzakirələr aparandan sonra biz Məşqçilər Komitəsi olaraq hesab  edirik ki, milli komandadan 20 yaşlılara qədər eyni sistem işlənilib, təqdim olunmalıdır. Qeyd etdiyim kimi, U-23 layihəsini gələn ildən həyata keçirməliyik. Ona qədər klublarla görüşlər keçirib, onların fikrini öyərənəcəyik.

- Sonda “Keşlə”nin paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kollinin milliləşdirilməsi məsələsinə münasibətinizi bilmək istərdik.

- Məncə, Meza Kollinin milliləşdirilməsinə bundan əvvəlki məsələləri danışmaqla cavab verdim. Əgər biz özümüz sevinmiriksə ki, artıq bir milli komandanı yaradırıq, imkan veririk ki, gənclər özləri inkişaf etdirsinlər, sabah yığmaya dəvət alsınlar, onda ikinci yola əl atıb, əncəbiləri milliləşdirərəcəyik. Mənim fikrimi siz çox yaxşı bilirsiniz. Onun tərəfdarıyam ki, gənc oyunçularımıza şans verək. Mən vaxtilə işləyəndə də onlara üstünlük vermişəm, inanmışam. Çox şad oldum ki, xeyli vaxt o nəsil Azərbaycan futboluna qulluq edib. Bu gün biz gənclərin qarşısına stop qoymamalıyıq. Onlara imkan yaratmalıyıq ki, fəaliyyət göstərsinlər. Onlar təkmilləşib, beynəlxalq təcrübəyə malik olandan sonra əsas  milliyə qrup şəklində daxil olmaqla yığmanın uğurları üçün çalışacaqlar. Bu olan halda milliləşdirmədən söhbət gedə bilməz. Fikrim odur ki, bizim yerli məqşçilərimiz də, gənc futbolçularımız da beynəlxalq təcrübəyə malik olsunlar.

Ramiq AĞAMƏMMƏDOV

 


Etiketlər:  Veteranlar təklif etdi ki milli yerli məşqçiyə tapşırılsın Vaqif Sadıqov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ