Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 23:21
Orqanizmin xəstəliklərlə mübarizə aparması üçün immun sisteminin güclü olması vacibdir. Son günlər yayılan viruslar, xəstəliyə tutulan insanlar arasında daha çox immun sistemi zəif olanların dünyasını dəyişməsi immuniteti gücləndirməyin nə qədər vacib olduğunu bir daha gündəmə gətirir.
Sonxeber.net mövzunun aktuallığını nəzərə alaraq həkim Füzuli Hüseynovun məqaləsini lent.az-a istinadən təqdim edir.
İmmunitet nədir?
İmmunitet nədir sualına ilk cavab "orqanizmin xəstəliklərə qarşı müqavimət gücü" olur. Bəs necə etmək lazımdır ki, orqanizm xəstəliklərə az məruz qalsın və tutulduqda da onları rahat keçirsin? Bəziləri bunun çarəsini çox yeməkdə, bəziləri çox yatmaqda görürlər.
Allah bizim hamımıza bəlli bir ömür vermişdir, biz bu ömrü sağlam da yaşaya bilərik, xəstə də. Elə yaşamaq lazımdır ki, bizə Allahın əmanəti olan can həmişə sağlam olsun. İmmunitetin əsası hələ ana bətnində qoyulur. Hamilə qadınlar bol-bol meyvə-tərəvəz yedikdə, çiy su içdikdə, açıq havada gəzdikdə və əsəbdən özünü qoruduqda doğulacaq körpənin immun sistemi də düzgün formalaşır.
Çalışmaq lazımdır ki, doğuş təbii yolla olsun, bunun yenidoğulmuşun immun sisteminə faydası çoxdur. Analar maksimum dərəcədə körpəni ana südü ilə böyütməlidir. Televiziya reklamlarında süni qidaların ana südündən daha faydalı olduğu deyilsə də bu fikirlər əsassızdır. Çünki ana südünün tərkibində xüsusi antitellər var, bunlar uşağın orqanizminə daxil olaraq immuniteti formalaşdırır.
Sağlam olmaq üçün nə etməliyik? Birinci növbədə immun sistemi zəiflədən yeməkləri tanıyıb onlardan imtina etmək lazımdır. Bunlara ağ çörək, şirniyyatlar, çipslər, qazlı içkilər, konserv məhsulları, bişirmə zamanı yanmış yeməklər aiddir. Ümumiyyətlə, imkan daxilində təbii ərzaqlara üstünlük verilməlidir, sənaye üsulu ilə hazırlanmış qidaların tərkibindəki qatqılar immunitetə mənfi təsir edir.
Hər yemək qəbulundan əvvəl meyvə, salat və tərəvəzlərin qəbulu, hər dəfə yalnız 1 növ yeməyin yeyilməsi və qida məhsullarının bir-birinə qarışdırılmaması önəmlidir. Ət yeməklərini çox yeməyə vərdiş etməyin, mədəni yeməklə tam doldurmayın, acmamış yemək yeməyin, doymamış süfrədən durun. Yemək zamanı göyərtilərdən, soğandan, sarımsaqdan bol istifadə edin. Meyvəni ya yeməklərdən yarım saat əvvəl, ya da 2 saat sonra yeyin.
Hər gün açıq havada 2 saata yaxın gəzmək bədənin müqavimətini artırır.
İmmunitetin ən əsas düşmənlərindən biri də əsəb gərginliyidir. Özünüzü əsəb və stresdən qoruyun. Yeməkdən sonra ya 1 stəkan qatıq, ya da kefir içməyə vərdiş edin, bu, bağırsaq mikroflorası üçün önəmlidir. Yayda 2 litr, qışda 0.8 litr çiy su için. Gündə 1 stəkan bal şərbəti için, ona alma sirkəsi də qarışdırılsa daha yaxşıdır. Gündə 1 xörək qaşığı qara zirə yağı içmək immuniteti artırır. Çobanyastığı, cökə, dazıotu, bağayarpağı, biyan kökü, andız, udi hindi, güldəfnə, məkkəgülü, zəfəran, zəncəfil, darçın, dəvədabanı, bibəriyyə, adaçayı, solmazçiçəyi, ballınanə, kəklikotu, itburnu, qatırquyruğu kimi bitkiləri növbəli şəkildə çay kimi dəmləyib içdikdə və ya 10 gün müddətində gündə 3 stəkan İmmunotea çayı qəbul etdikdə immun sistemi gücləndirmiş oluruq.
Məcun:
Zəncəfil tozu - 50 qram
Jenşen kökünün tozu - 50 qram
Çiçək tozu - 50 qram
Udi hindi tozu - 50 qram
Exinaseya kökünün tozu - 50 qram
Biyan kökünün tozu - 50 qram
Bal - 750 qram
Keçibuynuzu bəkməzi - 750 qram.
Mövsümi meyvələri bol-bol yeyin, infeksion xəstəlik yayılmış yerlərə getməyin. İnsanın sağlam olması üçün orqanları qida maddələri və oksigenlə təmin edən qanın mütləq təmiz və saf olması lazımdır. Bunun üçün ildə 2 dəfə həcəmət (hicama) etdirmək, həmçinin ildə 2 dəfə, hər dəfə 40 ədəd olmaq şərti ilə zəli qoydurmaq faydalıdır.
İmmunitetin həmişə yüksək səviyyədə olması üçün xüsusi məcun hazırlamaq olar. Böyüklər ildə iki dəfə hər dəfə də 1 kq, uşaqlar isə 0.5 kq hazırlanan məcundan yeməlidir. Qəbul dozası belədir: böyüklər 1 çay qaşığı, uşaqlar yarım çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl qəbul edir.