Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 14:02
Bakı. İlhamə İsabalayeva - Trend:
Hər gün məktəbə getməyə vərdiş etmiş uşaqlarımız hazırda evdədirlər. Lakin biz onların təhsildən geri qalmaması, vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə məsafədən tədrisin təşkili ilə bağlı bir addım atdıq.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Novruz bayramı münasibətilə şagird, müəllim və valideynlərə etdiyi müraciətində deyib.
Təhsil naziri Ceyhun Bayramov şagird, müəllim və valideynləri Novruz bayramı münasibətilə təbrik edib.
Nazir qeyd edib ki, UNESCO-nun məlumatına əsasən, hazırda dünyanın 100-dən artıq ölkəsində 800 milyondan artıq şagird və tələbə təhsildən kənar qalıb:
"Bir çox ölkələrdə koronavirus infeksiyası insanların gündəlik həyatına mənfi təsir edib. Məktəblər və digər təhsil ocaqları bağlanıb. Bu təsir ölkəmizdən də yan keçməyib. Bu səbəbdən bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırılıb. Hər gün məktəbə getməyə vərdiş etmiş uşaqlarımız hazırda evdədirlər. Lakin biz onların təhsildən geri qalmaması, vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə məsafədən tədrisin təşkili ilə bağlı bir addım atdıq. Martın 11-dən etibarən “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” verilişi çərçivəsində teledərslərin yayımına start verdik”.
C.Bayramov bildirib ki, teledərslər bütün sinifləri və əksər fənləri əhatə edir: “Ümidvaram ki, bizim şagirdlərimiz bu fürsətdən istifadə edərək sinif otaqlarında keçməli olduqları dəsrləri ev şəraitində müəllimlərin məsafədən verdikləri izah və təlimatlara uyğun olaraq dərsliklərdə olan ev tapşırıqlarını yerinə yetirərək tədrisdə yaranan fasilədən sonra sinif otaqlarına hazırlıqlı qayıdacaqlar. Bu işdə onlara siz valideynlər yaxından dəstək olmalı və övladlarınızın ev şəraitində təhsilə vaxt ayırmalarına şərait yaratmalısınız. Əminəm ki, yaxın zamanda bütün işlər öz axarına qayıdacaq. Təhsil müəsissələrində dərs prosesi bərpa olunacaq".