Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq!”

“Biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq!”

Tarix: 21 Mart 2020 14:36

Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov XXİ əsrin pandemiyasına çevrilmiş koronavirusun yeni növü ilə mübarizə sahəsində ölkəmizdə aparılan qabaqlayıcı tədbirlərə yüksək qiymət vermişdir. Millət vəkilinin fikrincə, dünyada bütün insanları həyəcanlandırmış bu koronavirus növü bəşəriyyətin daim qayğısız yaşaması, elmin və səhiyyənin müasir səviyyəsinin Yer üzərində bütün mümkün epidemiyaların müalicə edilə biləcəyi mifini amansızlıqla dağıda bildi. Hazırda dünyanın Çin, ABŞ,Yaponiya, Koreya, İtaliya, İspaniya, İran və digər inkişaf etmiş ölkələri bu virusun "cilovlanmasında" çətinlik çəkirlər, çünki ən müasir müalicə metodları belə virusun qarşısında acizdir.

Hazırda Azərbaycanda dünyanın taleyüklü probleminə çevrilən bu virusun yayılmasının qarşısının alınması istiqamətində bütün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah ölkədə virusla bağlı vəziyyətə ciddi nəzarət edir, ardıcıl təşkilati işlər aparır. Eyni zamanda, Azərbaycanda koronavirusun yeni növünün müəyyən edilib nəzarət altına alınması üçün müasir laboratoriyalar, müalicə üçün kifayət qədər tibbi ləvazimatlar və dərman ehtiyatları, tibbi personal və bütün müvafiq strukturlar bu işə səfərbər edilmişdir.

Millət vəkili vurğulayıb ki, yaranmış vəziyyətdə preventiv, qabaqlama tədbirlərinin daim nəzarətdə saxlanılması, ölkə rəhbərliyinin çox məntiqi, düzgün olaraq müəyyənləşdirdiy taktiki və strateji addımdır. Müalicə metodu olmayan pandemiyadan qorunmağın yeganə yolu onunla qabaqlayıcı tədbirlər vasitəsi ilə etibarlı şəkildə mübarizə aparmaqdır.

K.Qafarov bildirib ki, bu sahədə həlledici addımı məhz insanlar atmalıdır. Onlar zəruri ehtiyac olmadığı halda çölə çıxmamalı, kütləvi tədbirlərə, qələbəlik sahələrə getməməli, qrup halında toplantılardan uzaq durmalıdırlar. Bu tələblər xüsusilə yaşlı adamlara aiddir. İtaliyada koronavirusun yeni növündən ölənlərin 90 faizindən çoxu yaşı 50-dən yuxarı olan insanlardır.Şəxsi gigyena qaydalarına ciddi şəkildə əməl olunması xəstəlikdən qorunmanın ən əsas tələblərindən biridir.

Millət vəkili sözünə davam edərək demişdir ki, Azərbaycan rəhbərliyinin dəqiq, məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə koronavirusun yeni növünə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Xəstəliklə bağlı epidemioloji şəraitə tam şəkildə nəzarət olunur. Xəstəliyin geniş yayılmaması üçün bütün zəruri tədbirlər görülür, idarələr, müəssisələr, təşkilatlar, xəstəxanalar, məktəblər, uşaq bağçaları, kütləvi əyləncə məkanları, hətta bir sıra küçə və parklar profilaktiki dezinfeksiya edilir.

Kamaləddin Qafarovun fikrincə, hazırkı şəraitdə xalqımız dövlətin ətrafında sıx birləşməli, verilən bütün qərar və göstərişlər dərhal, operativ şəkildə yerinə yetirilməlidir. Ajiotaj yaradan hər cür şaiyə, həmçinin insanları vahiməyə salan məsuliyyətsiz, qeyri-sağlam məqsədli informasiya və fəaliyyətə qarşı kəskin mübarizə aparılmalıdır. Vətəndaşlarımız diqqətli olmalı, fitnəkar çağırışlara , insanlarda panika yaratmağa yönəlmiş məlumatlara inanmamalı, yalnız rəsmi hökumət məlumatları əsas götürməli və onlara əməl etməlidir.

Millət vəkili K.Qafarov sonda bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yeni növünə qarşı mübarizəni daha səmərəli və mütəşəkkil təşkil etmiş ölkələr sırasında Azərbaycanın da adını qeyd etməsi dövlətin bu sahədə səylərinə verilən obyektiv qiymətdir. Mən öz mülahizələrimi Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin Azərbaycan xalqına Novruz təbrikində vurğuladığı ibrətamiz bir fikirlə tamamlamaq istəyirəm:"Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq",


Etiketlər:  birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ