Tarix: 28 May 2019 16:44
"Bu, mənim üçün fantastik təyinatdır. Çünki bu, London derbisidir, xüsusi matçdır. Əlimdən gələnin ən yaxşısını etmək istəyirəm".
Qol.az xəbər verir ki, bu sözləri Avropa Liqasının final oyununun hakimi Canluka Rokki UEFA-nın rəsmi saytına açıqlamasında deyib. "Çelsi" və "Arsenal" arasında Bakıdakı keçiriləcək həlledici matça təyinatı haqda danışan 45 yaşlı italiyalı FİFA referisi əvvəlcə hakimliyə gəlişindən söz açıb:
"Futbol oynasam da, ən yaxşı ola bilməyəcəyimi başa düşürdüm. Buna görə də hakim olmağa qərar verdim. Düşünürəm ki, əla seçim etmişəm".
Hakimliklə vidalaşmağa hazırlaşan Rokki karyerasının son finalında ən yaxşısını etməyə çalışacağını deyib: "Final fitinə qədər ən yaxşısını etməyə çalışacağam. Çünki karyeramın son finalıdır. Bakıda mümkün olan hər şeyi etmək istəyirəm".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Çelsi" - "Arsenal"oyunu yerli vaxtla 23:00-da başlayacaq.