Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 19:46
Dövlət həmişə olduğu kimi, bu çətin günlərdə də vətəndaşlarımızı öz qayğısı ilə təmin edir və edəcək. Hər bir Azərbaycan vətəndaşı dövlətin həyata keçirdiyi preventiv tədbirlərə adekvat davranmalı və milli təhlükəsizliyimizin təmin olunmasına öz müsbət töhfələrini verməlidir. Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" tezisi də bu önəmli zərurəti özündə ehtiva edir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşir oğlu deyib.
Onun sözlərinə görə, əldə etdiyimiz uğurların təməlində möhkəm xalq-iqtidar birliyi dayanır. Prezident İlham Əliyevin apardığı siyasi kurs vətəndaşların mütləq əksəriyyəti tərəfindən dəstəklənir və rəğbətlə qarşılanır. Uğura gedən yolun əsas formulu da bundan ibarətdir. Tarixin yaxın dövrlərində milli həmrəylik və birlik nümayiş etdirərək çox mürəkkəb problemlərin öhdəsindən gəlmişik, bütün ağır sınaqlardan çıxmışıq. Bütün dünyanı cənginə almış koronavirus bəlasından xalqımızı və dövlətimizi qorumaq da bu qəbildəndir. Azərbaycan dövləti koronavirus epidemiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə çoxistiqamətli preventiv tədbirlər həyata keçirməkdədir".
E.Mirbəşiroğlu əlavə edib ki, bu virusun bütün dünyada çox böyük fəlakətlərə, ağır fəsadlara yol açmasına baxmayaraq, Azərbaycanda vəziyyət tam nəzarət altındadır. Ölkəmizdə nə yoluxma faktı, nə də itki sayı Avropa ölkələrində olduğu kimi həndəsi silsilə ilə artmır, əksinə, son rəqəmlər onu göstərir ki, azalma müşahidə olunmaqdadır.
Politoloq hesab edir ki, bütün bunlar həyata keçirilən uğurlu preventiv tədbirlərin və xalq olaraq göstərdiyimiz milli həmrəyliyin göstəricisidir:
"Lakin əlbəttə ki təhlükə sovuşmayıb. Vətəndaşlar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkət etməli, ciddi zərurət olmadığı təqdirdə evlərini tərk etməməlidirlər. Dövlət həmişə olduğu kimi, bu çətin günlərdə də vətəndaşlarımızı öz qayğısı ilə təmin edir və edəcək, vətəndaşlarımız da məsuliyyətli davranışlarını davam etdirməlidirlər. Milli məsələlər ətrafında həmrəy olsaq, ən çətin sınaqlardan üzüağ çıxa biləcəyik".