Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 17:18
1918-ci ilin mart soyqırımı zamanı türk-müsəlman əhalisinin meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən onlarca sənəd mövcuddur.
Sonxeber.net bildirir ki, bunu Trend-ə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan xalqına qarşı soyqırımları tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Vaqif Abışov deyib.
Onun sözlərinə görə, 1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinin əsl mahiyyəti arxiv sənədləri və elmi-tədqiqat materiallarında öz əksini tam şəkildə tapıb.
Tarixçi əlavə edib ki, 1917-ci ilin fevral inqilabından sonra Bakı sinfi mübarizənin və hakimiyyət uğrunda çarpışmaların mərkəzinə çevrilmişdi. Bakıda Daşnaksütun partiyası və Erməni Milli Şurasına tabe olan yaxşı silahlanmış hərbi dəstələr yerləşmişdi:
"Onlara keçmiş rus ordusundan böyük miqdarda silah qalmışdır. Eyni zamanda kifayət qədər pul vəsaitinə malik olan Erməni Milli Şurası tərxis olunan rus əsgərlərindən, əsasən tüfəng almışdılar: Oktyabr inqilabı dövrünədək Bakıda cəbhənin müxtəlif yerlərindən gələn bir neçə min silahlı erməni əsgər və zabiti var. Onlar Cənubi Qafqazda təşkil edilmiş erməni korpusunu komplektləşdirmək üçün Bakıda saxlanmışdılar. 1918-ci ilin mart soyqırımı ərəfəsində erməni milli hərbi hissələri Q.Korqanovun yaratmağa başladığı silahlı qüvvələri ilə birləşdilər. Bu zaman Qırmızı Ordunun qərargah rəisi, çar ordusunun keçmiş polkovniki, "Daşnaksütyun" partiyasının üzvü Z.Avetisov idi. Mart qırğını ərəfəsində Bakı bolşeviki Avakyan vəziyyətindən və vəzifəsindən asılı olmayaraq, komitəyə gələn bütün ermənilərə silah və patron paylayırdı. Ermənilər artıq bir neçə ay idi ki, ciddi silahlanırdılar, şəhərin ermənilər yaşayan hissəsinə, Ermənikəndə və onların yaşadığı Bakı kəndlərinə silah, patron, pulemyot daşınırdı.
Alim bildirib ki, bütün bunlar S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin gözü qarşısında baş verirdi. Əslində, onlar özləri də buna köməklik edirdilər.
V.Abışovun sözlərinə görə, rus məmurlarına, rus fəhlələrinə və əsgərlərinə istinad edən menşevik, eser, kadet, daşnak və bolşevik olmaq üzrə müxtəlif siyasi firqələr ətrafında birləşən Azərbaycandakı ruslar "Müsavat"ın yaratdığı hərəkat qarşısında daxili mübahisə və mübarizələrini unudub "Müsavat"a qarşı vahid cəbhədə birləşdilər:
"1918-ci il martın 15-də S.Şaumyan deyirdi: "Bizim siyasətimiz - vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir". Bakı və civarlarının bolşevikləşdiyini zənn edən S.Şaumyan erməniləri və rus əsgərlərini, xüsusilə Xəzər hərbi dəniz donanması matroslarını türk-müsəlman əhaliyə qarşı təhrik etməyə başlamışdı. Erməni əhalisinin bütün siniflərinin nümayəndələri bu müharibədə iştirak etməyi özlərinə "borc" bilirdi. Bütün bunlar azmış kimi, S.Şaumyan Moskvadan hərbi kömək almaq üçün müraciət etmişdi. S.Şaumyan Stalinə məktub yazaraq, xahiş edirdi ki, Qafqaz qırmızı ordusunu (erməni ordusunu) təşkil etmək üçün təcili olaraq on milyon manat (rubl) ayırsınlar. RSFSR Xalq Komissarları Soveti 1917-ci ilin dekabr ayında Bakı Sovetinə 500 min rubl, 1918-ci ilin birinci rübündə isə Bakıya 30,8 mil. rubl göndərmişdir. Həmin ilin martında Moskva hərbi dairəsinin komandanlığı Bakıya hərbi dəstə, 2 təyyarə (aeroplan), 5 min silah göndərilməsinə göstəriş vermişdi. Ermənilərdən fərqli olaraq, Bakıda türk-müsəlman əhalinin hərbi təşkilatı və sursatı demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbiidir ki, mübarizədə türk-müsəlmanların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən S.Şaumyan, "Daşnaksütyun" və Erməni Milli Şurası Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr türk-müsəlmanların yaşadığı məhəllələrdə baş verirdi. Fövqəladə Təhqiqat Komissiyasınin sənədlərində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan, Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başlamışdı. Demək olar ki, eyni bir vaxta Levon Saatsazbekovun erməni dəstəsi şəhərin "Şamaxinka" adlanan hissəsini atəşə tutmuşdur".
V.Abışov qeyd edib ki, bir çox müsəlman məhəllələri məhv edildikdən sonra - martın 31 -də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bu qırğın əməliyyatında N.Anançenko başda olmaqla, Suren Şaumyan (St.Şaumyanın oğlu), Ovçiyan, Qalstyan, Sarkis, Qaber-Kori, Artak, Manuçarov, Akopov və başqa "qırmızı qvardiyaçılar" fəal iştirak etdilər. 1917-ci ildən bolşevik partiyasının üzvü olmuş Bülyumin xatirəsində yazırdı ki, 1918-ci ilin mart hadisələrində bizim silahlı qüvvələrimiz olmadığından daşnak dəstələrindən istifadə etdik. Lakin daşnak dəstələri öz alçaq işlərini həyata keçirdilər. Vətəndaş müharibəsi əvəzinə milli qırğın törətdilər, 20.000-nə qədər müsəlmanı qətlə yetirdilər. Rusların Xəzər dənizində olan hərbi donanması ermənilərin fitvasına uyaraq şəhərin müsəlmanların sıx yaşadığı məhəllələri top atəşinə tutdular. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan "Təzə pir" məscidinin minarələri ağır zədə aldı. Erməni daşnakları əvvəlcədən hazırladıqları plana uyğun olaraq, bolşevik bayrağı altında Bakı şəhərində 1918-ci il martın 30-dan aprelin 1-nə kimi - üç gün ərzində türk xalqına qarşı qırğın törətdilər ki, bu da minlərlə insanın ölümü ilə nəticələndi:
"Ermənilərin "biz bolşevik, sosialist bilmərik, türksən kifayətdir", deyə hətta müsəlman sosialistlərini qətlə yetirmələri bir daha onu göstərir ki, onların əsas planı türk-müsəlman əhalini daha çox qırmaq, qorxutmaq və onları öz doğma torpaqlarından qovmaq olmuşdur. Erməni silahlı dəstələrinin rəisi Tatevos Əmirov Bakıda, eləcə də Azərbaycanın başqa bölgələrində türk-müsəlman əhalinin amansızcasına qətlə yetirilməsinə, onların evlərinin qarət olunmasına bilavasitə rəhbərlik edənlərdən biri olmuşdur. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyidi tapılmışdır. Onların qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı".
V.Abışov deyib ki, Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində mart hadisələrinin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında yalnız Bakı şəhərində daşnak və bolşeviklərin birləşmiş hərbi qüvvələri tərəfindən 12 mindən çox günahsız türk-müsəlman əhalisinin qətlə yetirildiyi göstərilib. Bakı şəhərində Bakı Sovetinin erməni-rus bolşevik qüvvələri türk-müsəlman əhaliyə qarşı törətmiş olduqları qanlı qırğınlar zamanı ictimai və şəxsi binalara da çox böyük ziyan dəymişdir. Belə ki, "Açıq söz" və "Kaspi" qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. Bakıda "İsmailiyyə" Xeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daxil olan XIV əsrdə tikilmiş Keyqubad məscidi yandırılıb külə döndərilmişdi:
"1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyanın Həştərxandan Şaumyana yazdığı məktubunda qeyd edirdi ki, sosial vəziyyətindən asılı olmayaraq, Bakıdakı rusların hər hansı birindən sovet mübarizəsi haqqında soruşduqda onların hamısı bir səslə deyir ki, Bakıda erməni-tatar qırğını gedir və qırğın ermənilər tərəfindən törədilib. Erməni Milli Şurasının orqanı olan və Bakıda çap olunan "Naşa vremya" qəzetinin yazdığına görə, heç kim inkar edə bilməz ki, ayrı-ayrı erməni qrupları Bakı şəhərində müsəlman əhalisinə qarşı vəhşiliklər edib".
V.Abışov bildirib ki, ermənilər Bakıda qurulan bolşevik-daşnak rejiminin himayəsindən istifadə edərək, azərbaycanlılara qarşı öz məkrli siyasətlərini həyata keçirmişdilər. Bu siyasətin nəticəsində minlərlə dinc türk-müsəlman əhalisi qətlə yetirilmiş, onların evləri qarət olunub yandırılmış, mədəniyyət abidələri vəhşicəsinə dağıdılmışdı.
Tarixçi deyib ki, hazırda Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyon insanın qaçqın və köçkün vəziyyətində yaşamaları və bütün bu hadisələrə ABŞ və Qərb dövlətlərinin göz yummaları, yaxud xristian təəssübkeşliyi ilə erməni mövqeyinin müdafiə etmələri, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874, 884) ermənilər tərəfindən yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bir daha onu göstərir ki, dünyada xristian həmrəyliyi hələ də qalmaqdadır və Cənubi Qafqazda Ermənistan dövlətinin işğalçılıq əməlləri müdafiə olunmaqdadır.