Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 17:52
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.
İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədini ictimaiyyətə təqdim edib.
Sonxeber.net bildirir ki, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Trend-ə müsahibəsində hazırlanan proqramlar barədə danışıb.
- Sahib müəllim, hazırda koronavirus pandemiyasının qlobal iqtisadiyyata ciddi mənfi təsirləri müşahidə edilir. Bunun Azərbaycan iqtisadiyyatına təsirlərini minimallaşdırmaq üçün hansı tədbirlər görülür?
- Son dövrlər koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur ki, bu da dünya iqtisadiyyatına ciddi mənfi təsirlər göstərməklə yanaşı, Azərbaycan iqtisadiyyatına və gündəlik sosial-iqtisadi həyata da təsirsiz ötüşmür. İqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malik Azərbaycanda yaranmış vəziyyətə çevik reaksiya verilib, ciddi karantin rejimi tətbiq edilib və sosial izolyasiya tədbirləri həyata keçirilir. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlığa mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb. Hökumət vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir, iqtisadiyyatı, özəl sektoru böhrandan qorumaq, böhranın mənfi təsirlərini minimuma endirmək məqsədilə sahibkarlıq subyektlərinə dəstək verir. Bu istiqamətdə məşğulluğun təmin olunması, maliyyə-bank sektorunun sağlamlığının qorunması, iqtisadi artımın davamlılığına nail olunması əsas prioritet istiqamətlərdəndir.
- İqtisadiyyata dövlət dəstəyi paketi hansı sahələri əhatə edir?
- Qeyd edim ki, İşçi Qrupun aidiyyəti qurumlarla birgə və intensiv fəaliyyəti nəticəsində dəstək paketini qısa bir müddətdə formalaşdırmaq mümkün olub. Belə ki, pandemiyadan zərər çəkmiş sahələr müəyyənləşdirilib və dövlət dəstəyinin göstərilməsi ilə bağlı 10 proqram hazırlanıb. Bu sahələr 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifatlaşdırılıb və ən çox zərər çəkmiş, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyənləşdirilib. Dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manat olmaqla Azərbaycanın ÜDM-nin 3%-ni təşkil edir. Vurğulanmalıdır ki, iqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dövlət dəstəyi paketi nəzərdə tutulmayıb.
- Dövlət dəstəyi paketindən konkret hansı sahələrdə fəaliyyət göstərənlər faydalanacaq?
- Dövlət dəstəyi mexanizmi karantin rejimi və iqtisadi fəallığın məhdudlaşdırılması şəraitində hökumətin iş yerlərini ixtisar etməmək və işçilərin əmək haqlarını ödəməklə bağlı çağırışlarına əməl edən, iş yerlərini və əmək haqlarını qoruyub saxlayan sahibkarlara şamil ediləcək. Eyni zamanda, fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar.
Belə ki, birinci proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Proqram həmin işçilərin əmək haqlarının önəmli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsini ehtiva edir. Hazırda ölkənin qeyri-dövlət və qeyri-neft sektorlarında 640 min əmək müqaviləli işçi var. Proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45%-dən çoxdur.
Qiymətləndirmələrə əsasən, neqativ təsirlər 11 fəaliyyət istiqamətinə 100% təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və "mall"lar, əyləncə, nəqliyyat və s. sahələrdir. Bu sahələrə aid şirkətlərdə muzdlu işçi kimi çalışan hər vətəndaş proqramın əhatə dairəsinə aid ediləcək. Daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb ki, burada da 70%-lik dəstək tətbiq ediləcək. Proqramın tətbiqində işçinin real maaşı və ya respublika üzrə orta aylıq əmək haqqı əsas götürüləcək. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manat təşkil edib. Proqrama əsasən, aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir və orta aylıq əmək haqqı maksimal hədd kimi götürülür. Orta aylıq əmək haqqından çox əmək haqqı alan işçinin dəstəyə ehtiyacı daha aşağı əmək haqqı alan işçidən fərqlənir. Yuxarı əmək haqqı alan muzdlu işçilər əsasən, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələrdə - maliyyə, bank, sığorta, rabitə və s. sektorlarındadır.
- İşçilərin dəstəkdən bəhrələnməsi ilə bağlı məsələləri qeyd etdiniz. Bəs sahibkarlar, yəni işəgötürənlər bu dəstəkdən necə faydalanacaqlar?
- Ümumilikdə, sahibkarlığa dəstək müxtəlif istiqamətlidir. Belə ki, ikinci böyük proqram fərdi sahibklarlarla bağlıdır və 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. İqtisadi fəaliyyətə tətbiq edilən məhdudiyyətlər, ilk növbədə, bu sektora təsir edib və burada dəstəyə daha çox ehtiyac var. Baza kimi mikro sahibkarların 2019-cu il ərzində etdiyi vergi ödənişlərinə istinad ediləcək və birbaşa yardım edilməsində həmin bazaya əsaslanılacaq.
Üçüncü proqram biznes üçün vergi güzəştləri, tətilləri və imtiyazları ilə bağlıdır. Burada da əsas məqsəd güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahələri və sahibkarları qorumaq, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə yol verməməkdir.
Dördüncü proqram ipoteka kreditlərinə dəstək proqramıdır. Koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlardan olacaq.Bu dəstəyin multiplikativ effektini nəzərə alaraq sektorun əmək tutumluluğu, böyük həcmdə xammal və materialların ölkəmizdə istehsalı tikinti sahəsinin önəmini daha artırır. Tikinti sektoru həm də sosial sahə və vətəndaşların mənzil təminatı ilə bağlıdır.
Bundan başqa, bank sektoru ilə bağlı 2 proqram hazırlanıb. Bunlardan biri 1 milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramıdır. Sözügedən proqram sahibkarların bank kreditləri portfelinin keyfiyyətinin qorunub saxlanılması baxımından vacibdir. Digər proqram yeni verilən kreditlərə aiddir. Real sektorun kreditləşməsi hökumətin prioritetidir. Bu baxımdan, bundan sonra da bank sektorunda canlanmanı təmin etmək üçün real sektorun banklar vasitəsilə maliyyələşdirilməsi planlaşdırılır. Proqramın həyata keçirilməsi ilə banklar tərəfindən yeni verilən kreditlərin 60%-nə dövlət tərəfindən zəmanət veriləcək. Belə kreditlərin maksimal illik faizi 15%-i keçməməklə müddəti 3 ilədək olmalıdır. Bu kreditlər üzrə faizlərin yarısı (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.
Daha bir proqram sərnişindaşıma sahəsinə dəstəklə bağlıdır. Bu sahədə fəaliyyət göstərən subyektlərə (AZAL, avtobus, metro, dəmiryolu) məqsədyönlü dəstək göstəriləcək.
- Dəstək paketində kommunal xidmətlər sahəsində əhaliyə güzəştlərin tətbiqi və digər sosial məsələlər əks olunubmu?
- Təkliflər arasında əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da var. Karantinlə əlaqədar insanların evdə qalması səbəbindən enerji istehlakının həcmi artıb. Əhalinin həssas qrupu üçün bu məqam xüsusi nəzərə alınacaq. Həmin qrup üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılması nəzərdə tutulur.
Bununla yanaşı, əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket (işsizlik müavinəti, sosial yardım və s.) vəsaitlərin ayrılması nəzərdə tutulur.
Eləcə də sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı hazırlanır.
Bütün bunlar isə, dövlət dəstəyinin yalnız bir hissəsidir və əlavə dəstək mexanizmləri, o cümlədən sosial dəstək paketi üzərində də iş aparılır. Həyata keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan dövləti daim vətəndaşının yanındadır: "Biz birlikdə güclüyük".