Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 13:21
Bakı. Trend:
Abşeronda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə rayon ərazisində mütəmadi olaraq dezinfeksiya tədbiləri həyata keçirilir.
Trend-in məlumatına görə, hazırda Abşeronda epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı önləyici tədbirlərin reallaşdırılması diqqət mərkəzindədir. Sözügedən pandemiyanın rayonda yayılmasının qarşının alınması, əhalinin mütəmadi məlumatlandırılması və əsassız dezinformasiyanı önləmək məqsədi ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı yanında operativ qərargah yaradılıb. Rayon operativ qərargahının tərtib etdiyi qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil-kommunal İstismar Sahələrinin əməkdaşları tərəfindən Xırdalan şəhəri də daxil olmaqla rayonun kənd və qəsəbələrində küçə və prospektlər, parklar, binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya olunur. Rayonda mərkəzi bazar, ictimai iaşə və ticarət obyektlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dükanların qarşısı, dayanacaqlarda, bir sözlə, insanların kompakt toplaşa biləcəyi bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq aparılır. O cümlədən “AAAF Park Yaşayış Kompleksi”ndə xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilib. Yaşayış binalarının ətraflarında, girişlərində, liftlərdə, pilləkən qəfəslərində və həyətlərdə dezinfeksiya işləri həyata keçirilib.
Abşeron ərazisində maarifləndirmə işlərinin də fasiləsiz olaraq aparılması rayon operativ qərargahının diqqət mərkəzində saxlanılır. Üzvlərinin sayı 50-dən çox olan təbliğat qrupları tərəfindən rayonun bütün kənd və qəsbələrində “küçə-küçə, ev-ev”prinsipi ilə maarifləndirmə işləri həyata keçirilir, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri sakinlərə çatdırılır və onlara evdə qalmaları tövsiyə edilir. Eləcə də kənd və qəsəbələrin icra nümayəndəliklərinin və könüllülərin iştirakı ilə ahılların evdən çıxmadan ərzaq və dərman pereperatları ilə təmin olunması həyata keçirilir. Rayon İcra Hakimiyyətinin rəsmi “fecebook” səhifəsində və internet resurslarında “evdə qal, həyaları xilas et!” devizi altında çağırışlar edilib.