Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 09:45
Koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan effektiv tədbirlər bir daha təsdiq etdi ki, Azərbaycan dövləti və xalqı istənilən mürəkkəb vəziyyətdən üzüağ və şərəflə çıxmaq iqtidarındadır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.
Onun sözlərinə görə, pandemiya dünyanın ən inkişaf etmiş ölkələrində təlatümlər doğurdu, səhiyyə sistemlərinə hədsiz dərəcədə güvənən ölkələr bu bəlanın qarşısında aciz qaldıqlarını açıq şəkildə etiraf etdilər:
"Vəziyyət o yerə çatdı ki, dünyanın 80-dən artıq ölkəsi kömək üçün Beynəlxalq Valyuta Fonduna müraciət etdilər. Dünyada gedən bu mənfi tendensiyaya baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən preventiv tədbirlərin nəticəsində Azərbaycanda vəziyyət tam nəzarət altına alındı. Vəziyyətdən minimal itkilərlə çıxmaq üçün bütün imkanlar səfərbər olundu və uğurlu nəticələr əldə edildi".
E.Mirbəşir oğlu qeyd edib ki, Azərbaycan səhiyyəsi dünyanı silkələyən qlobal təhdidə hazırlıqsız yaxalanmadı. Hazırda koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu yaxınlarda istifadəyə verilən 575 çarpayılıq ən müasir "Yeni Klinika" xəstəxanası virusa yoluxanların ixtiyarına verildi. Yaxın günlərdə müasir standartlara cavab verən modul tipli xəstəxanaların istifadəyə verilməsi nəzərdə tutulur. Çox qısa zamanda tibbi maska istehsal edən müəssisənin fəaliyyətə başlaması da ölkəmizin istehsal və infrastruktur imkanlarını ortaya qoydu.
Deputatın sözlərinə görə, Azərbaycan dövləti virusla mübarizəni koordinasiyalı şəkildə həyata keçirməklə dünyaya öz təcrübəsini təqdim etdi. Ölkə Prezidentinin sərəncamı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah 24 saat ərzində virusla bağlı məsələləri tam nəzarətdə saxlayır və aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş şəkildə fəaliyyətini təmin edir.
Elşad Mirbəşir oğlu əlavə edib ki, Azərbaycanın unikal təcrübəsi olan Koronavirusla Mübarizəyə Dəstək Fondu qısa zamanda xalqımızın milli həmrəylik təcəssümünə çevrildi:
"İnsanlarımız imkanları daxilində Fonda maliyyə vəsaiti ianə etməklə ölkənin milli təhlükəsizliyinə qatqı sağlamağa çalışır. Azərbaycanın bu təcrübəsi dünya ölkələri tərəfindən təqdir olunur və artıq bir neçə ölkə bu təcrübədən faydalanmağa maraq göstərir. Azərbaycan dövləti həm də maarifləndirmə və inandırma missiyasını dünyaya örnək səviyyədə həyata keçirdi. Dövlətin çağırışları insanlar tərəfindən rəğbətlə qarşılanmaqla ölkədə milli həmrəyliyin möhkəmlənməsinə böyük töhfə verdi".