Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Biz bütün addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq

Prezident İlham Əliyev: Biz bütün addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq

Tarix: 14 Aprel 2020 22:27

Biz bütün addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə giriş nitqində bildirib.

Prezident İlham Əliyev qeyd edib:

"İqtisadi nailiyyətlərimizlə bağlı bir daha demək istəyirəm ki, biz yanvar, fevral aylarını çox yaxşı göstəricilərlə başa vurmuşuq. Ümumi daxili məhsul 3 faizə yaxın artmışdır, qeyri-neft sektorunda təxminən 7 faizə yaxın artım olmuşdur. Ancaq əgər üç ayı götürsək ümumi daxili məhsul 1,1 faiz artıb. Qeyri-neft sektorunda isə 3 faizdən bir qədər çox artıb. Yenə də artım var. Ancaq, əlbəttə, əgər koronavirus araya girməsəydi, bu artım daha da böyük olacaqdı.

Qeyri-neft sənaye sektorunda artım 23 faizdir. Bu da onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir. İnflyasiya 3 faiz səviyyəsindədir, ilin iki ayında 2,8 faiz idi, bir qədər artıb. Əhalinin gəlirləri isə 7 faizə yaxındır. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil etmişlər. Xüsusilə nəzərə alsaq ki, indi iqtisadi fəallıq aşağı düşüb, bu, hesab edirəm ki, yaxşı nəticədir, yenə də şəffaflıqla bağlı olan tədbirlərin bariz nümunəsidir.

Bildirməliyəm ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrıldı. Bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, hələ 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Bu, 2,5 milyard manatın içində deyil. Bütün sosial ödənişlər aparılır. Hesab edirəm ki, orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür. İndi bizim orta aylıq əməkhaqqımız 712 manatdır, orta pensiya 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır. Yəni, biz maaşları, pensiyaları ildən-ilə artırırıq. Əlbəttə ki, keçən il çox böyük artım olmuşdu, 4,2 milyon insan dövlət tərəfindən qəbul edilmiş proqramlardan yararlanıb. Bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək.

Bir sözlə, demək istəyirəm ki, üç ayın yekunlarını prinsip etibarilə müsbət qiymətləndirmək olar. Ancaq bir daha demək istəyirəm ki, heç kim bilmir pandemiya nə qədər davam edəcək və iqtisadi fəallıq nə zaman bərpa olunacaq. Biz bütün addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq".


Etiketlər:  Prezident İlham Əliyev bütün addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ