Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 13:48
Azərbaycan xalqı əmindir ki, Azərbaycan hökuməti bundan sonrakı dövrdə koronavirus pandemiyası ilə əlaqədar ən düzgün qərarları verəcək. Bu vəziyyətdən şərəflə çıxmaq bir daha göstərəcək ki, bütün addımlar düşünülmüş addımlardır və xalqın, dövlətin maraqlarına uyğundur.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev geniş şəkildə cari ildə əldə olunan iqtisadi, sosial, siyasi uğurlar, o cümlədən koronavirusla bağlı mövcud vəziyyət və ilin sonuna qədər həyata keçiriləcək proqramlar və islahat barəsində hər bir sadə Azərbaycan vətəndaşını maraqlandıran məsələlər barəsində geniş məlumat verdi.
Ş.İsmayılov bildirib ki, pandemiya dövründə müasir texnoloji imkanlardan istifadə edərək əhalini maraqlandıran məsələlərlə bağlı belə bir toplantının keçirilməsi, ötən dövrün təhlili və gələcəkdə görüləcək işlərlə bağlı dəqiq məlumatların verilməsi həm Azərbaycan xalqına və dövlətinə olan sevgi, həm də əsl liderlik göstəricisidir:
"Heç bir çətin vəziyyət Azərbaycan Prezidentini öz işindən ayırmır, əksinə o, daim öz işinin başında, xalqın yanındadır. Ölkə başçısının bu mövqeyi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Cənab Prezidentin də qeyd etdiyi kimi, 2020-ci ilin ilk üç ayında inkişaf və tərəqqi müşahidə olunub. Aparılan islahatlar öz müsbət nəticəsini müxtəlif sahələrdə göstərib".
Deputat vurğulayıb ki, koronavirus pandemiyası dünya iqtisadiyyatı üçün böyük problemlər yaratdığı kimi, təbii olaraq Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərdi:
"Ölkəmizdə qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı. Koronavirusla mübarizə sahəsində sistemli iş quruldu, düşünülmüş addımlar atıldı. Məhz bunun nəticəsidir ki, Azərbaycanda vəziyyət nəzarət altındadır. Ölkəmizdə koronavirusla bağlı həyata keçirilən tədbirlər nəticəsində biz bu pandemiyadan minimum itkilərlə çıxa biləcəyik. Artıq Azərbaycanın təcrübəsi digər dövlətlər tərədindən də öyrənilir. Cənab Prezidentin burada söylədiyi "Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır" fikiri Azərbaycan xalqına verilən dəyərin göstəricisidir".
Ş.İsmayılovun sözlərinə görə, Azərbaycan xalqı əmindir ki, Azərbaycan hökuməti bundan sonrakı dövrdə koronavirus pandemiyası ilə əlaqədar ən düzgün qərarları verəcək:
"Cənab Prezidentin də dediyi kimi, əsas məsələ vətəndaşların sağlamlığı, onların həyatıdır. Mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin həlli istiqamətində dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir, onların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Vətəndaşların qayğıları daim dövlətin diqqətindədir".
Deputat, həmçinin "5-ci kolon"un nümayəndələrinin koronavirus pandemiyası dövründə də öz əməllərindən əl çəkmədiyini diqqətə çatdırıb:
"Bu düşərgədə cəmləşən insanlar uzun illərdir ki, iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Heç bir sosial bazası olmayan bu insanların yeri tarixin tullantı qutusudur. Azərbaycan xalqı onlara öz yerlərini göstərib və bundan sonra da göstərəcək. Azərbaycanın yeni siyasi konfiqurasiyasında marginal qruplaşmaya yer yoxdur və olmamalıdır. İndi əsas məsələ birlik olmaq və ölkə başçısının ətrafında daha da sıx birləşməkdir. Çünki biz birlikdə güclüyük. Bizim ölkəmizi bizdən çox heç kim sevə bilməz".