Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 21:44
Bakı. Trend:
Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.
Trend-in məlumatına görə, vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalarla bağlıdır.
İndiyə qədər Vergi Məcəlləsinin 22-1-ci maddəsində nəzərdə tutulan hesablara vəsaitlərin köçürülməsi vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi həcmində hesabat ilinin faktiki mədaxillərinin azaldılması hesabına həyata keçirilib. Dəyişikliyə əsasən, dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinə dair 50 faiz həddi dəyişir. Başqa sözlə, Vergi Məcəlləsinin 22-1-ci maddəsində nəzərdə tutulan hesablara vəsaitlərin köçürülməsi vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin həmin maddəyə əsasən müəyyən edilən hissələri həcmində hesabat ilinin faktiki mədaxillərinin azaldılması hesabına həyata keçiriləcək.
Qeyd edək ki, Vergi Məcəlləsinin 22-1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalar aşağıdakı kimidir:
- Müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından əldə edilən vəsaitin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
- “Sosial sığorta haqqında” qanunun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və həmin qanunda nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 22-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına gəlirlərinin faktiki daxilolmalarının məbləği büdcə sistemi haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada proqnozlaşdırılan gəlirlərinin məbləğindən az olduqda, bu fərq hər il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu ilə təsdiq edilən dövlət büdcəsinin gəlirləri üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan vəsait (neft-qaz sahəsində fəaliyyət göstərən vergiödəyiciləri (podratçılar), “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri üzrə daxilolmalar, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin onların sərəncamında saxlanılan və istifadəsinə verilən hissəsi istisna olmaqla) hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.
- “Tibbi sığorta haqqında” qanunun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və həmin qanunda nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.