Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 14:20
Bakı. Trend:
NEQSOL Holding cənab Cenk Serdarın holdinqin Baş Direktor Müavini, Telekom rəhbəri vəzifəsinə təyin edildiyini elan edir. Cənab Serdar eyni zamanda holdinqin tərkibinə daxil olan Bakcell və Vodafone Ukrayna telekommunikasiya şirkətlərinin Direktorlar Şurasının üzvü təyin edilib.
Cenk Serdar 30-dan çox inkişaf etmiş və inkişafda olan ölkələrin telekommunikasiya sektorlarında qazandığı 20 ildən çox zəngin təcrübəyə malikdir. Cənab Serdar 6 il ərzində Saudi Telecom Group-da və 5 il ərzində fəaliyyəti Avropa, Asiya, Afrika və Orta Şərqin 20-dən çox ölkəsini əhatə edən Vodafone Group-da yüksək rəhbər vəzifələrdə çalışıb.
Həmçinin, digər şirkətlərdə rəhbər vəzifələrinə əlavə olaraq, o, müxtəlif telekommunikasiya, texnologiya və maliyyə şirkətlərinin direktorlar şurasının üzvü vəzifəsində də fəaliyyət göstərib. Cenk Serdar Wharton məktəbindən MBA dərəcəsinə sahibdir və həmçinin Fulbright proqramının təqaüdçüsü olub.
“Holdinqimiz davamlı inkişaf edir və fəaliyyətini genişləndirir. NEQSOL Holding-in Baş Direktor Müavini, Telekom rəhbəri kimi Cenk Serdar holdinqin telekommunikasiya biznes istiqamətinə rəhbərlik edir. İnanıram ki, onun telekommunikasiya sahəsində dərin bilikləri holdinqimizə dəyərli təcrübə gətirəcəkdir", - NEQSOL Holding-in Baş direktoru Yusif Cabbarov qeyd edib.
“NEQSOL Holding Azərbaycan və Ukraynanın telekommunikasiya bazarlarında güclü mövqeyə sahibdir. Holdinqin telekommunikasiya şirkətləri, Bakcell və Vodafone Ukrayna, öz bazarlarında əhəmiyyətli nailiyyətlər əldə ediblər. Holdinqin və telekom şirkətlərimizin peşəkar komandaları birlikdə çalışaraq bütün təcrübəmi holdinqin gələcək inkişafına yönəldəcəyəm", - deyə Cenk Serdar bildirib.
NEQSOL Holding-in əsas fəaliyyət sahələrinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayeləri daxildir. Holdinqin tərkibində olan şirkətlər Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxıstan, BƏƏ və digər ölkələrdə fəaliyyət göstərir. Holdinqin telekommunikasiya şirkətləri mobil rabitə, magistral internet bağlantı və beynəlxalq trafik tranziti, və digər xidmətlər təqdim edir.