Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 18:18
Ermənistan XİN-in bu ölkənin 2018-ci ildən bəri münaqişənin mərhələli həllinə əsaslanan danışıqlar aparmadığını iddia edən açıqlaması, hətta bu bəyənatın yerli ictimaiyyəti sakitləşdirmək üçün verildiyi aydın olsa belə, çox gülüncdür. Ermənistan XİN-in dürüst şəkildə öz əhalisini münaqişənin həlli üzrə aparılan sülh prosesi barədə məlumatlandırması daha doğru olardı.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin şərhində deyilir.
Şərhdə bildirilir ki, 2018-ci ildə bu ölkədə hakimiyyət dəyişikliyi baş verəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində sonuncu 21 aprel tarixli video-konfrans da daxil olmaqla 10 görüş keçirilib:
"Ermənistan XİN-in məntiqi ilə belə çıxır ki, iki ölkə naziri, eləcə də 3 ölkənin həmsədrləri, və xarici işlər nazirlərinin heç bir işi yoxmuş kimi birgə vaxt keçirib söhbətləşmək üçün görüşüblər?!
Azərbaycanın münaqişənin həlli prosesi və danışıqların əsas prinsipləri barədə mövqeyi ən yüksək səviyyə də daxil olmaqla, hər zaman səsləndirilib. Vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də mövqeyi onların verdikləri bəyanatlarda, o cümlədən 2019-cu ilin 9 mart tarixli bəyanatda açıq şəkildə ifadə olunub. Bunların hamısında münaqişənin mərhələli şəkildə həll olunması elementləri aydın şəkildə görünür.
Həmçinin, danışıqlar eyni formatda və eyni gündəlik üzrə davam edir. Belə olmasaydı, 21 aprel tarixində məlum bəyanatını səsləndirən Ermənistan xarici işlər naziri bir neçə saat sonra video-konfransda iştirak edib müzakirələrə qatılmazdı.
Ermənistan xarici işlər nazirinin özünün də razılaşdırdığı kimi, əhalisini sülhə hazırlanması istiqamətində addımlar atması daha faydalı olar.