Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 21:48
Bizə göstərilən hörmət və etimad ona dəlalət edir ki, Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazana bilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmanın Qoşulmama Hərəkatının Zirvə görüşünün əhəmiyyəti barədə sualını cavablandırarkən səsləndirib.
Dövlət başçısı deyib:
"Qoşulmama Hərəkatının Zirvə görüşünü həqiqətən tarixi görüş adlandırmaq olar. Çünki əvvələn, o, yeni formatda, videokonfrans formatında keçirilirdi. İkincisi, Qoşulmama Hərəkatının Zirvə görüşləri bir qayda olaraq müəyyən dövriliklə keçirilir. Əgər bundan əvvəlki Zirvə görüşü keçən ilin oktyabrında Bakıda keçirilmişdisə, növbəti görüş 2022-ci ildə bizdən sonra sədrlik edəcək ölkədə keçirilməli idi. Buna görə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu təşəbbüsü təbii ki, vaxtında irəli sürülmüşdü. Onu da deməliyəm ki, keçən ilin oktyabr ayında biz Qoşulmama Hərəkatında sədrliyi öz üzərimizə götürdük. Qeyd etməliyəm ki, Azərbaycan yekdilliklə Hərəkatın sədri seçilib, bu da çox əlamətdar amildir, çünki bildiyiniz kimi, Hərəkatda 120 ölkə iştirak edir və bu ölkələrin bəziləri arasında, yumşaq desək, gərgin münasibətlər var.
Lakin bizə göstərilən hörmət və etimad ona dəlalət edir ki, Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazana bilib. Bakı Zirvə görüşündə mən demişdim ki, biz öz sədrliyimizi heç də formal sədrlik hesab etmirik, biz səmərəli sədr olmaq istəyirik. Hərəkatın beynəlxalq arenada nüfuzunu və rolunu yüksəltmək, ölkələr arasında daha sıx birlik istəyirik, şərait yaratmaq istəyirik ki, bəzi ölkələr arasında mövcud fikir ayrılıqları, zəruri hallarda bizim də iştirakımızla nizamlansın. Mən, həmçinin dedim ki, Azərbaycan təkcə sədrlik dövründə deyil, bundan sonra da beynəlxalq arenada üzv ölkələrin mənafelərini müdafiə edəcək. Zirvə görüşünün baş tutması onu göstərir ki, əvvələn, biz öz sözümüzə sadiqik, ikincisi, bu Zirvə görüşünün keçirilməsinə böyük ehtiyac var idi. Buna görə də çıxış edənlərin əksəriyyəti Azərbaycanın bu təşəbbüsünün vaxtında irəli sürüldüyünü və vacibliyini qeyd etdilər. Həmçinin deməliyəm ki, aparıcı beynəlxalq təşkilatların rəhbərləri - Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və Avropa Komissiyasının vitse-prezidenti Zirvə görüşünün iştirakçılarını salamladılar. Bu məqamı xüsusi vurğulamalıyam. Mən Avropa Komissiyasının və Qoşulmama Hərəkatının hansısa vahid formatda iştirak etdiyi ikinci belə hadisəni xatırlamıram. İndiki halda bu cür birgə tədbir ona görə mümkün oldu ki, Azərbaycan Avropa İttifaqı ilə çox fəal əlaqə saxlayır, Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazanıb. Əlbəttə, bir məsələ də var ki, bizi ümumi bəla birləşdirir. Buna görə Zirvə görüşünün keçirilməsinin əsas məqsədi təşkilatın daxilində həmrəylik göstərmək, habelə aparıcı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq idi.
Mənim təşəbbüsümlə biz dövlət və hökumət başçıları səviyyəsində BMT-nin koronavirusa həsr edilmiş xüsusi Baş Assambleyasının keçirilməsini təklif etdik. Hərəkatın üzvü olan ən həssas ölkələrə təxirəsalınmaz kömək göstərilməsi üçün biz Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. Bu, bizim ikinci donor ianəmizdir. Bundan əvvəl mart ayında da qlobal pandemiyaya qarşı mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırmışdıq. Qoşulmama Hərəkatında yaradılmış Təmas Qrupu formatı üzv ölkələr tərəfindən böyük dəstək alıb. Biz istiqamətlər üzrə yarımqruplar və COVID-19-a qarşı mübarizə üzrə vahid məlumat bazası yaradılmasını təklif etdik ki, həm Hərəkatın belə niyyəti olan üzvləri, həm beynəlxalq təşkilatlar, həm də donor təşkilatlar vaxtında yardım göstərmək üçün informasiya bazasına malik olsunlar. Mən deyərdim ki, Zirvə görüşünün keçirilməsinin əsas məqsədləri də, nəticələri də budur. Bir daha deməliyəm ki, bütün iştirakçılar bu görüşün vacibliyini, zəruriliyini qeyd etdilər, bu təşəbbüsə görə Azərbaycana təşəkkürlərini bildirdilər.
Deməliyəm ki, bu, bizim keçirdiyimiz ilk Zirvə görüşü deyil. Hazırda Azərbaycan həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədridir və aprelin 10-da bu təşkilatın Azərbaycanın təşəbbüsü ilə keçirilmiş Zirvə görüşü faktiki olaraq dünyada videokonfrans formatında ilk Zirvə görüşü oldu. Biz iki ay ərzində çox mühüm iki beynəlxalq tədbir keçirdik, əminəm ki, onlar həmrəyliyi və əməkdaşlığı möhkəmlədəcək.
Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı bir məqam da ondan ibarətdir ki, dediyim kimi, Qoşulmama Hərəkatında 120 ölkə, sədri məktubla müraciət etmiş Afrika İttifaqında 55 ölkə, ali nümayəndəsi bu tədbirdə iştirak edən Avropa İttifaqında 27 ölkə var. Buna görə təvazökarlıqdan kənar olsa da deməliyəm ki, Azərbaycan və Azərbaycanın təşəbbüsü praktiki olaraq bütün dünyanı birləşdirdi".