Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 21:21
Bakı. Samir Əli - Trend:
Son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndi ərazisində olmaqla Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal əraziyə nazirliyin aidiyyəti nümayəndələri cəlb edilib, hadisə yerində müvafiq tədbirlər görülüb.
Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər yuxarıda adları göstərilən kəndlərdə kənddaxili gediş-gəliş vasitəsi kimi istifadə edilib.
Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur.
Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.