Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidenti: "Bu gün Sumqayıtın inkişafı böyük dərəcədə şəhərin sənaye potensialı ilə bağlıdır"

Azərbaycan Prezidenti:

Tarix: 12 May 2020 18:57

Bu gün Sumqayıtın inkişafı böyük dərəcədə şəhərin sənaye potensialı ilə bağlıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Sumqayıtda "Gilan Tekstil Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Bütövlükdə bu gün Sumqayıtın inkişafı böyük dərəcədə şəhərin sənaye potensialı ilə bağlıdır. Mənə verilən məlumata görə, "Gilan Tekstil Park"da işləyənlərin 95 faizi Sumqayıt şəhərinin sakinləridir. Son illərdə Sumqayıtda onlarla yeni müəssisə yaradılıbdır və mən bu müəssisələrin açılışlarında iştirak etmişəm. Onların arasında xüsusilə iki nəhəng, flaqman müəssisəni qeyd etmək istərdim - azot gübrələri zavodu və polimer zavodu. Bu zavodların tikintisinə dövlət çox böyük vəsait xərcləyib. Ancaq digər zavodların fəaliyyəti sırf özəl sektor tərəfindən təşkil edilib, əlbəttə, dövlətin dəstəyilə dövlət ərazi ayırır. Bildiyiniz kimi, Sumqayıtda iki sənaye parkı fəaliyyət göstərir - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 10 hektarlarla ölçülür. Tamamilə təmizlənmiş bu ərazidə yeni infrastruktur layihələri icra edilib. Özəl sektor da artıq bu parkda uğurla fəaliyyət göstərir, hər il burada bir neçə müəssisə açılır. Beləliklə, Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda, Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilib. Sovet dövründən fərqli olaraq, bu gün burada fəaliyyət göstərən sənaye müəssisələri bütün ekoloji standartlara cavab verir.

Siz gəncsiniz, siz o illəri xatırlamırsınız. Ancaq sovet dövründə Sumqayıtın yanından keçərkən maşında oturanlar pəncərələri bağlayırdılar, çünki o iydən insanların gözü yaşarırdı. Yəni, Sumqayıt doğrudan da böyük bir ekoloji bəla mərkəzi idi. Çünki kimya sənayesinin sürətli inkişafı və bir çox hallarda ekoloji standartlara riayət edilməməsi nəticəsində Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi və burada bir neçə növ xəstəliklər geniş vüsət almışdı. Biz isə Sumqayıtı müasir, təmiz sənaye mərkəzinə çevirdik. Bu gün Sumqayıtın havası Bakının havasından daha təmizdir. Sumqayıtda aparılan yaşıllaşdırma işləri, yeni parkların salınması, ekoloji tədbirlərin görülməsi, uzun illər sumqayıtlıları narahat edən Acıdərə kanalının tamamilə təmizlənməsi və yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Ona görə bir sənaye şəhəri kimi Sumqayıtın siması tamamilə dəyişib və bu gün ən yüksək standartlara cavab verir. Bununla yanaşı, əlbəttə, digər başqa layihələr də icra edilmişdir. Sosial layihələr - köçkünlər üçün artıq bir neçə ildir ki, böyük şəhərciklər salınır. Mən bu yaxınlarda növbəti şəhərciyin tikintisi ilə tanış olmuşam. Abadlıq işləri aparılır, Sumqayıt bulvarı da nəhayət ki, fəaliyyətə başlayıb. Bu, mənim çoxdankı arzum idi və bilirəm ki, sumqayıtlılar da həmişə bunu arzulayırdılar. Artıq neçə ildir ki, Sumqayıt bulvarı sumqayıtlıların sərəncamına verilib və çox gözəl istirahət zonasıdır. Bir sözlə, biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Hazırda 2 saylı şəhər xəstəxanasının tikintisi gedir. Biz onu əvvəlcə təmir etmək istəyirdik, sonra gördük ki, tamamilə dağılmış vəziyyətdədir, ora söküldü. 1 saylı xəstəxana fəaliyyətdədir, ikinci xəstəxananın da tikintisi yaxın zamanlarda başa çatacaq".

Milli.Az


Etiketlər:  Azərbaycan Prezidenti Bu gün Sumqayıtın inkişafı böyük dərəcədə şəhərin sənaye potensialı ilə bağlıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ