Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin komitəsi bir sıra qanunlara əlavə və dəyişikliklər təklif edib

Milli Məclisin komitəsi bir sıra qanunlara əlavə və dəyişikliklər təklif edib

Tarix: 12 May 2020 19:33

Mayın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, komitə sədri Musa Quliyev diqqətə çatdırdı ki, gündəliyə 11 məsələ daxil edilib.

Qeyd olundu ki, birinci məsələ "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir (birinci oxunuş), digər on məsələ isə "Əlillərin hüquqları haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar müxtəlif qanunvericilik aktlarına uyğunlaşdırma xarakterli əlavə və dəyişikliklərdir.
Musa Quliyev bildirdi ki, ünvanlı dövlət sosial yardımı Azərbaycan dövlətinin əhalinin sosial müdafiəsi sahəsində həyata keçirdiyi sosial proqramlardan biridir. 2005-ci ildə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanun qəbul olunub. 2006-cı ildən bu qanun qüvvədədir. Sonra bu qanunda bir sıra əlavə və dəyişikliklər olmuşdur. Bu gün qanuna təklif olunan dəyişikliklər ünvanlı dövlət sosial yardımın verilməsi şərtlərinin yumşaldılması və əhatə dairəsinin genişləndirilməsi üçün hüquqi baza yaradır.

Qeyd edildi ki, təqdim olunan qanun layihəsində 15 maddəyə 11 dəyişiklik təklif olunur. Dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, ünvanlı sosial yardım alanların dövlət proqramına əlçatanlığı daha da genişlənsin. Digər düzəliş ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması ilə bağlıdır. Dəyişikliyə əsasən 2 illik müddət artıq bir ilə endirilir. Təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək. Diqqətə çatdırıldı ki, qanun layihəsinə əsasən, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünüməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünüməşğulluğa yönləndilməsi proqnozlaşdırılır.

Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov ünvanlı dövlət sosial yardımının verilməsi qaydaları, bu sahədə mövcud vəziyyət barədə məlumat verdi.

Müzakirələr zamanı komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Jalə Əliyeva, Rauf Əliyev, İlham Məmmədov, Vüqar Bayramov, Səttar Möhbalıyev, Arzu Nağıyev, Sevinc Hüseynova, Soltan Məmmədov qanun layihəsi barədə öz fikirlərini açıqladılar. Qeyd edildi ki, təklif olunan düzəlişlər günün tələblərinə cavab verir və əhalinin maddi rifahının daha da yaxşılaşdırılmasına yönəlib. Deputatlar layihə ilə bağlı bir sıra təkliflər səsləndirdilər, bu sahədə bəzi narahatlıq doğuran məsələləri diqqətə çatdırdılar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirdi. Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov da bəzi məsələlər barədə öz fikirlərini açıqladı.

Müzakirələrin sonunda "Ünvanlı dövlət Sosial yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Sonra iclasda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" 2018-ci il 31 may tarixli qanunun icrası ilə əlaqədar hazırlanan və uyğunlaşdırma xarakteri daşıyan bir sıra qanun layihələrinə baxıldı.

Diqqətə çatdırıldı ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin tələblərinə cavab verməklə, bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun qanunvericiliyin formalaşdırılmasına xidmət edir. Həmin qanunla bu sahədə mövcud olan bir sıra terminlər dəqiqləşdirilib, o cümlədən "əlil" ifadəsi əvəzinə "əlilliyi olan şəxs", "əlillik qrupu" ifadəsi əvəzinə "əlillik dərəcəsi", "qüsur" sözü əvəzinə "pozuntu" sözündən istifadə edilib. Bu da əlillik əlamətinə görə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəlib.
Qeyd olunanlarla bağlı göstərilən qanun layihələrində texniki və terminoloji baxımdan uyğunlaşdırma xarakterli düzəlişlər edilib.

Gündəlikdəki son məsələ "Əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 25 avqust tarixli 285 nömrəli Qərarının ləğv edilməsi ilə bağlı idi. Bildirildi ki, bu məsələ də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədardır.

Tədbirin sonunda bu qanun layihələri də Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Etiketlər:  Milli Məclisin komitəsi sıra qanunlara əlavə dəyişikliklər təklif edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ