Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Postpandemiya dövründə hansı yeni ixtisaslar yaranacaq?

Postpandemiya dövründə hansı yeni ixtisaslar yaranacaq?

Tarix: 12 May 2020 22:48

Son zamanlar COVID-19 pandemiyasının əmək bazarında yeni işçilərə və yeni ixtisaslara ehtiyac yaratdığına dair mütəmadi olaraq xəbərlər yayımlanır, fikirlər səsləndirilir. 

Bəs pandemiya hansı yeni ixtisasların yaranmasına səbəb ola bilər?

"Pandemiya sonrası, tibbi psixologiya, gen mühəndisliyi, marketinq, rəqəmsal texnologiyalar üzrə mühəndislərə, kompüter mütəxəssislərinə ehtiyac daha da artacaq".

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov bildirib ki, "pandemiya sonrası artıq dünya əvvəlki kimi olmayacaq" sözünü bir çox dövlət başçısı və elm adamları son günlərdə tez-tez vurğulayırlar: "Bu ifadələrdə müəyyən doğruluq payı və çağırışlar var. Bütün dünyanı tez bir zamanda cənginə alan və hamını uzun müddətdi evə həbs edən bu virus insanlara müəyyən ideyalar və sərbəst vaxtda bir çox kursları təqib edərək, yeni ixtisaslar və bacarıqlar qazandırdı. Düşünürəm ki, pandemiya sonrası, tibb psixologiya, gen mühəndisliyi, marketinq, rəqəmsal texnologiyalar üzrə mühəndislərə, kompüter mütəxəssislərinə ehtiyac daha da artacaq. Eyni zamanda, xidmət sektorunda kütləvi xidmət yerini ünvana təslim və ya daha kiçik qruplara xidmət yönündə dəyişdirəcək. Xarici turizm yerli turizmə uduzacaq və insanlar yerli turizm xidmətlərinə daha rəğbət göstərəcək. Ona görə lokal turizm sahəsi mütəxəssislərinə də ehtiyac artacaq. Eyni zamanda, onlayn təhsil mütəxəssislərinin fəaliyyət sahəsi daha da genişlənəcək. İnsanlar bir sıra ənənəvi təhsil xidmətini onlayn almağa başlayacaq. Bu dövrdə əyləncə və proqramlaşdırma sahəsində də tələb artacaq. İnsanlar internet üzərindən pul qazanma imkanlarını daha çox axtarmağa başlayacaqlar. Həmçinin çatdırılma xidmətləri bazarı da sürətli böyüyəcək. Bu sahənin mütəxəssislərinə də tələb artacaq. Staycation və ya holistay konsepti adlandırılan yeni konsepdə ofislər insanların evi olmağa başlayır və ya işlər evdən görülməyə başlanılır. Bu konseptə məsləhət xidməti, dizayn, proqramlaşma, onlayn tədris kimi sahələr önə çıxır".

"Yaxın gələcəkdə Azərbaycanda informasiya təhlükəsizliyi üzrə ixtisaslara olan tələbat daha da aktuallaşacaq". 

İqtisadçı ekspert İsa Qasımov hesab edir ki, postpandemiya dövründə, nəinki yeni ixtisaslar yaradılacaq, həmçinin mövcud ixtisaslar da dəyişib təkmilləşəcək: "Yeni ixtisaslara hər zaman ehtiyac var. Yeni ixtisaslar hər dövrdə yaradılır, cari ixtisaslar təkmilləşdirilir. Son zamanlar həm ölkə, həm də dünya iqtisadiyyatında baş verən sürətli dəyişikliklər, tələb və təklifləri sürətlə dəyişməsi yeni ixtisasları yaradacaq. Bəzi peşələri təkmilləşdirəcək. Yeni ixtisaslara olan tələbat rəqəmsal imkanlardan, resurslardan istifadənin çoxalmasından yaranır. Hazırda pandemiya ilə əlaqədar olaraq müəssisə və təşkilatlar işlərini onlayn platforma üzərindən qurmağa başlayıblar. İki aydan çoxdur ki, davam edən pandemiyanın nə zaman bitəcəyi də məlum deyil. Müşahidələrim əsasında deyə bilərəm ki, bir çox müəssisə və təşkilatlar postpandemiya dövründə belə iş sistemlərini məsafədən davam etdirəcəklər. Çünki həm xidmət verən tərəf, həm də müştəri onlayn iş rejiminin daha effektiv olduğunu kəşf elədilər. Ona görə də onlayn xidmətlərdən, resurslardan istifadəyə tələb artacaq. Əlbəttə ki, bu tələbat xüsusilə rəqəmsal sferada yeni ixtisaslar yaradacaq. Qeyd edim ki, dünyada informasiya təhlükəsizliyi üzrə yeni yaradılan ixtisaslar aktiv şəkildə fəaliyyət göstərir. Düzdür, bu gün Azərbaycanın bir neçə ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi tədris olunur və bu sahədə mütəxəssislər çalışır. Lakin yaxın gələcəkdə informasiya təhlükəsizliyi üzrə ixtisaslara olan tələbat daha da aktuallaşacaq".

"İnsanların uzaqdan onlayn işləmə tendensiyasının postpandemiya dövründə də davam edəcəyi gözlənilir".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisi Nərmin Rəhimli isə bildirib ki, pandemiyanın məşğulluğun bəzi sahələrində yaratdığı müsbət irəliləyişləri də xüsusi qeyd etmək lazımdır: "Bu irəliləyişlərin postpandemiya dövründə də davam edəcəyi gözlənilir. COVID-19 məşğulluğun bir çox sahələrində rəqəmsallaşmanı zəruri edəcək. Xüsusən İT sektorunda yeni ixtisasların yaranacağı, bundan başqa, insanların uzaqdan onlayn işləmə tendensiyasının postpandemiya dövründə də davam edəcəyi gözlənilir. Baş verənlərə daha pozitiv bucaq altında baxdıqda isə onu qeyd etmək olar ki, adətən koronavirus pandemiyası kimi qəfil hadisələrin yaratdığı kəskin tənəzzüllər daha sonra sürətli bərpalar və yüksəlmələrlə əvəzlənir". 


Etiketlər:  Postpandemiya dövründə hansı yeni ixtisaslar yaranacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ