Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Rəqəmsal bacarıqlar” layihəsi üzrə 72 teledərs ictimaiyyətə təqdim olunub

“Rəqəmsal bacarıqlar” layihəsi üzrə 72 teledərs ictimaiyyətə təqdim olunub

Tarix: 1 Iyun 2020 15:39

Bakı. İlhamə İsabalayeva - Trend:

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədris olunan informatika fənni üzrə buraxılmış mövzulara əsasən, ümumilikdə 72 teledərs (Azərbaycan bölməsi üçün 32, rus bölməsi üçün isə 40 teledərs) ictimaiyyətə təqdim olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkədə karantin rejimini nəzərə alaraq Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə üzrə videodərslər hazırlanıb. Ümumilikdə 3-8 sinifləri əhatə edən 197 videodərs təqdim olunub. Onlardan 87-si Azərbaycan və 110-u isə rus bölməsi üzrə yaradılıb.

Qeyd edək ki, teledərslər və videodərslər şagirdlər tərəfindən həvəslə qarşılanıb. “Facebook” və “YouTube” kanalındakı “Rəqəmsal bacarıqlar” səhifəsinə izləyicilərin marağı və şagirdlərin video formatında rəyləri gündən-günə artır.

“Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi əhatə edir. Hazırda layihə çərçivəsində 70 mindən çox şagird "İnformatika" fənnini yeni formatda öyrənməkdədir.

2017-2018-ci tədris ilində tətbiqinə başlanılan layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.


Etiketlər:  Rəqəmsal bacarıqlar layihəsi üzrə teledərs ictimaiyyətə təqdim olunub


RƏYLƏR