Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''1:5 hesabı utancvericidir'' - Yurçeviç

''1:5 hesabı utancvericidir'' -  Yurçeviç

Tarix: 11 Iyun 2019 22:48

"Bu hesabdan sonra nəsə demək çətindir. Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar". 

Qol.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 uduzduqlları oyundan sonra mətbuat konfransında deyib.

Biabırçı məğlubiyyəti şərh edən xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna yaxşı başladıq, bəzi anlarda topa sahib olduq, kombinasiyalı hücumlar qurmağa çalışdıq. Lakin rəqibin ilk həmləsində qol buraxdıq. Ramil Şeydayevin qolundan sonra geridönüşə ümid yarandı. Araz Abdullayevin fərqlənmək imkanı oldu. Hesab 1:4 olduqda oyun bitdi. Rəqibin heyətində Lobotkanın transfer qiyməti 25 milyon avrodu. Bizim bütün futbolçuların ümumi qiyməti bu qədər deyil".

- Əvəzetmələrdə gecikdiyinizi düşünmürsünüz?

- 1:5 hesabından sonra belə məsələləri müzakirə edə bilərik. 55-60-cı dəqiqələrdən sonra dəyişiklik etməyi düşünürdüm.

- Bu gün yalnız Ramil Şeydayev mübarizə apardı. Millinin heyətində cəmi 1 futbolçu sarı vərəqə alırsa, orda mübarizədən söhbət gedə bilməz...

- Bu fikirlə razı deyiləm. 4-cü qola qədər şanslar var idi. 60-cı dəqiqədən sonra fiziki və psixoloji cəhətdən rəqiblə oynamaq çətin idi.

- 5-ci qolda hansı hissləri keçirdiniz və buna görə azarkeşlərdən üzr istəmək fikriniz varmı?

- Əlbəttə. 85-ci dəqiqədə 5-ci topu buraxdıq. Bu, mənim və komandam üçün böyük şok idi. Belə məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm.

- Slovakiyada bir futbolçunun qiymətinin 25 milyon avro olduğunu dediniz. Halbuki Fransada Mbappenin qiyməti bütün Türkiyə millisindən yüksəkdi. Meydanda pul rol oynamır. Bu gün futbol olmadı. Bu nəticəyə görə xəcalət çəkirsinizmi?

- Bəli, utancverici nəticədir. Slovakiyanın oyunçuları Avropanın aparıcı klublarında çıxış edir. Onlara qalib gəlmək üçün xüsusi günlərindən biri olmalıdır. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi belə, Malta önündə çətinlik çəkmişdi. Qrupdakı rəqiblərimiz bizdən qat-qat güclüdülər. Əlimizdən gələni etməliyik ki, onlara qarşı mübarizə apara bilək.

- Məşqçi yox, bir azarkeş kimi yığmanın oyununu necə şərh edərdiniz və evdə bu hesabla uduzduqsa, bizi səfər matçlarında bundan da ağır məğlubiyyətlər gözləyir?

- Bu nəticə ilə böyük şok keçirdim. Hər kəsi başa düşürəm. Futbolda böyük rəqiblərə qarşı oynadıqda yaxşı nəticə qazanmaq üçün günündə olmalısan. Futbol situasiyalı oyundur. Sağa və ya sola doğru verilmiş bir qərar nəticəni dəyişə bilir. Bəzi kiçik nüanslar oyunun taleyinə təsir edə bilir.

- Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzduq. Hərçənd bu dəfə məntiqi ardıcıllıq pozuldu. Növbəti görüşdə 1:6 hesabı ola bilərmi?

- Növbəti oyunda daha yaxşı olacağımıza və böyükhesablı məğlubiyyətlə üzləşməyəcəyimizə inanıram.

- İndiyə qədər bura gələn əcnəbi məşqçilər bir neçə ildən sonra daha uğurlu nəticələrin olacağını deyib. 3 oyunda 10 top buraxan milli komandanın yaxşı olması üçün nə qədər vaxta ehtiyacı var?

- Bugünkü məğlubiyyətdən sonra bu suala cavab vermək çətindir. Bu gün uğursuz nəticə oldu. Amma inanıram ki, komandamız daha yaxşı çıxış edə bilər. İndi böyük təhlil etməyə dəyməz.

 


Etiketlər:  hesabı utancvericidir Yurçeviç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ