Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 20:06
Bakı. Trend:
İyunun 11-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən keçən Samur-Abşeron su kanalının yaxınlığından 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Trend-ə bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 107 mm-lik raket (TR-107) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin ətrafında 1 000 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
***
İyunun 11-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış sahəsi, 22-ci küçədə 10-15 sm uzunluğunda güllənin tapılması barədə daha bir məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin və 20 saylı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həmin ərazidə 20-ci küçəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd boş vəziyyətdə 20 mm-lik top mərmisi (BZ) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 150 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.