Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 20:52
Azərbaycanda fındıqçılıq sahəsində yeni layihəyə başlanıb. Yeni layihə fındıq bağlarında məhsuldarlığı bir neçə dəfə artırmağa yönəlib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) fındıqçılıq sahəsində birgə layihəyə başlayıb. "Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi" (HAZER) adlanan layihədən bu sahədə fəaliyyət göstərən kiçik fermerlər faydalanacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib ki, ümumi büdcəsi 1,3 mln. ABŞ dolları olan layihənin əsas məqsədi Azərbaycanda fındıqçılıq sahəsində dəyər zəncirlərini inkişaf etdirməklə məhsuldarlığı artırmaq, intensiv texnologiyalardan istifadə ilə fındıq istehsalının effektivliyini yüksəltmək, aflatoksin maddəsinin mövcudluğu riskinin azaltmaqla məhsulun keyfiyyətini artırmaqdır.
"Azərbaycanda fındıqçılığın inkişafına yüksək maraq var. Ötən illər ərzində 20 min hektardan çox ərazidə yeni bağ salınıb. 2019-cu ilin məlumatına görə Azərbaycan fındıq ixracında dünyada Türkiyə və İtaliyadan sonra 3-cü yerdə dayanır. Həmçinin, ötən il ölkəmizdə fındıq məhsulu 124.2 milyon ABŞ dolları dəyəri ilə ixrac olunan əsas qeyri-neft mallarının siyahısında pomidor və qızıldan sonra üçüncü yeri tutub", - deyə Mirzə Əliyev vurğulayıb.
Bununla belə, AKİA sədri fındıq bağlarında hər hektara düşən məhsuldarlığın artırılmasının vacib olduğunu qeyd edib: "Fındıq bağlarında hər hektara düşən məhsuldarlıq aşağı səviyyədədir. Ölkəmizdə fındıqçılıq sahəsində hər hektara düşən məhsuldarlıq orta hesabla 1.2 ton təşkil edir. Halbuki bu rəqəm dünya üzrə əldə olunan yüksək məhsuldarlıq göstəricisindən aşağıdır. Eyni zamanda, istehsal olunmuş məhsulun keyfiyyətinə mənfi təsir göstərən aflatoksin maddəsi və digər problemlər bu sektorun mövcud potensialından tam istifadəsinə mane olur".
AKİA sədrinin sözlərinə görə, Azərbaycan hökuməti bu istiqamətdə mövcud olan çətinliklərin aradan qaldırılması üçün lazımi dəstək göstərir. Buna misal olaraq Mirzə Əliyev qeyd edib ki, 2019-2020-ci illərdə fındıqçılıq sahəsinin inkişafı üçün AKİA vəsaitlərindən 368 000 manat məbləğində güzəştli kredit ayrılıb. Fındıqçılıq sahəsi üçün alınmış texnikalar üzrə fermerlər 319 900 manat güzəşt vəsaiti, 206 100 manat məbləğində isə kredit verilib.
Bununla yanaşı, 2019-2020-ci illərdə fındıqçılıq sahəsində fəaliyyət göstərən 32 366 fermerə 10 249 954 manat məbləğində subsidiya ayrılıb.