Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millət vəkilləri DOST mərkəzi ilə tanış olublar (FOTO)

Millət vəkilləri DOST mərkəzi ilə tanış olublar (FOTO)

Tarix: 13 Iyun 2019 12:40

Bakı. Trend:

Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlamentin komitə sədrləri və millət vəkilləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı DOST mərkəzində olublar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mərkəzin fəaliyyəti, burada göstərilən xidmətlər, könüllülük proqramları barədə deputatlara ətraflı məlumatlar verilib. Qeyd edilib ki, ilk DOST mərkəzinin fəaliyyətə başladığı gündən ötən bir ay ərzində mərkəzə 8 minədək vətəndaş müraciət edərək, burada əmək, məşğulluq, əlillik, sosial təminat, sosial sığorta və s. üzrə xidmətlərdən faydalanıb. Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi də 100 faizə yaxındır. İlk DOST mərkəzində əmək, məşğulluq, sosial təminat, əlillik sahələri üzrə 126 növdə xidmət göstərilir. 2019-2025-ci illərdə ölkədə 31 DOST mərkəzinin yaradılması nəzərdə tutulur, bu mərkəzlər ümumən 2,8 milyon vətəndaşa sosial yönümlü xidmətlər göstərəcək.

Millət vəkilləri mərkəzdəki xidmət bölmələri ilə tanış olub, burada sosial agentlər, könüllülər tərəfindən vətəndaşlara xidmət göstərilməsi prosesini nəzərdən keçiriblər. Onlar DOST mərkəzində göstərilən xidmətlərlə bağlı məmnunluqlarını ifadə ediblər.

Daha sonra DOST Agentliyində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar millət vəkillərinin də iştirakı ilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatının iclası keçirilib.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ilk növbədə iştirakçıları qarşıdan gələn Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib. O vurğulayıb ki, 1993-cü ilin 15 iyununda xalqın yekdil iradəsi ilə respublikamıza rəhbərliyə qayıdan ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti həmin dövrdə Azərbaycanın müqəddaratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə, bütün sahələri bürümüş dərin böhranın qarşısının alınmasına imkan verib.

Nazir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, iqtisadiyyatın dirçəldilməsi, ölkədə güclü sosial siyasətin formalaşdırılması üçün Ulu öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətləri diqqətə çatdırıb. Müstəqil Azərbaycanın dinamik və uzunmüddətli inkişaf yolunun Milli Qurtuluş Günündən başlandığını, 2003-cü ildən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə tarixi nailiyyətlərə imza atdığını, eyni zamanda, əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayıb.

S.Babayev ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın müstəqil Azərbaycan dövlətinin qurulması və gücləndirilməsi, ölkəmizin inkişafı proseslərində xidmətlərindən bəhs edib.

Nazir bildirib ki, YAP-ın Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatı da Partiyanın əsas prinsiplərinə uyğun fəaliyyət göstərir. Təşkilat üzvlərinin sayı mütəmadi artmaqdadır. 2018-ci ilin aprel ayından bu günədək nazirliyin 641 əməkdaşı YAP-a üzv qəbul edilib. Hazırda nazirlik sistemində çalışanların 86,4 faizi YAP-ın üzvüdür. Ərazi ilk partiya təşkilatı bundan sonra da öz fəaliyyətini Partiyanın cəmiyyətdə olan yüksək nüfuzuna uyğun şəkildə davam etdirəcəkdir.

Milli Məclisin Sədrinin müavini Bahar Muradova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov çıxış edərək, Milli Qurtuluş Gününün müasir Azərbaycanın tarixində misilsiz uğurlarla zəngin şərəfli bir inkişaf mərhələsinin başlanğısı olduğunu vurğulayıblar.

Daha sonra DOST Agentliyinin 32 əməkdaşının YAP-a üzvlüklə bağlı ərizələri qəbul edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Millət vəkilləri DOST mərkəzi ilə tanış olublar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ