Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 11:30
Amsterdam Universitetinin Tibbi Mərkəzinin tədqiqatçıları COVID-19-dan sağalmış pasiyentlərdə yeni, daha güclü anticisimlər aşkar ediblər. Bu anticisimlər daha əvvəl koronavirusa yoluxmuş pasiyentlərin orqanizmində yaranan anticisimlərlə müqayisədə virusa daha güclü müqavimət göstərir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, alimlər koronavirusdan müalicə baxımından çox ümidverici dərmanın yaradılmasında kömək edə biləcək iki protein tapıblar. Tədqiqatın rəhbəri doktor Marit van Qils deyib: "Bu yeni anticisimlər əvvəlkilərdən yüz dəfə güclüdür". Qeyd edilir ki, əgər anticisimlər daha güclüdürsə, deməli, effektiv müalicə üçün onlar daha az tələb olunacaq, yəni onlardan hazırlanan dərman daha ucuz başa gələcək.
Doktor Marit van Qils deyib: "Biz COVID-19-a yoluxmuş pasiyentlərin qanından götürülmüş bütün anticisimləri laboratoriyada yoxlamışıq və ən güclü variantları seçmişik".
Növbəti addımla sübut etmək lazımdır ki, anticisimlərin tətbiqi təhlükəsizdir. Əvvəlcə laboratoriya heyvanları üzərində testlər keçiriləcək. Əgər bu testlər uğurlu olsa, insanlar üzərində sınaqlar başlanacaq. Doktor van Qils ümid edir ki, insanlar üzərində sınaqlar gələn ilin əvvəlində başlana bilər. Bundan sonra genişmiqyaslı istehsala başlamaq mümkün olacaq.