Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 17:57
Bakı. Trend:
Koronavirusun yayılması nəticəsində dünyada bir çox məhsullara tələbat kəskin artmağa başladı. Hazırda tibbi spirt, dezinfeksiyaedici məhlullar və tibbi maskalar ən böyük tələbat görən məhsullar arasındadır.
Bəs bu məhsullar necə əldə edilir? Tələbatın ödənilməsi üçün hansı işlər görülür?
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri, professor Yunis Qəhrəmanlı bildirib ki, qoruyucu vasitələrin alınmasında neft-kimya sənayesinin əvəzsiz rolu var.
“Fərdi qoruyucu vasitələr və kombinzonlar əsasən sintetik materiallardır və müxtəlif polimer məhsullardan alınır. Polimer materiallarının ən başlıca mənbəyi neft-kimya sənayesidir. Neft-kimya sənayesində o polimerlərin alınması üçün monomerlər istehsal edilir. Bu monomerlər neftin emalı prosesində alınan müxtəlif qazlardan, fraksiyalardan əldə edilir. Ona görə neft sənayesinin, xüsusilə də neft-kimya sənayesinin bu materialların alınmasında əvəzolunmaz rolu var. Hazırkı dövrdə bu məhsullar çox vacibdir”, - o deyib.
Professor dezinfeksiyaedici mayelərin istehsalına da neft-kimya sənayesinin töhfə verdiyini qeyd edib. “Əsas dezinfeksiya məhsul olan etil spirtidir. Dünyada onun istehsalı etilen qazı ilə bağlıdır. Həmin o qazın istehsalı Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodundakı EP-300 qurğusunda mövcuddur. Bundan başqa, xlor tərkibli, xlorsuz dezinfeksiyaedici mayelər var. Neft-kimya sənayesi burada da öz töhfəsini verir. Ümumilikdə, neft sənayesi, ondan alınan xammal əsasında neft-kimya sənayesi, buradan alınan məhsullar isə tibbi ləvazimatların və dezifeksiyaedici mayelərin istehsalında vacib və böyük rol oynayır. Ona görə neft-kimyanın inkişafı istənilən ölkəni irəli aparır”, - əlavə edib.
Qeyd edək ki, Azərbaycanda qoruyucu vasitələrin istehsalı üçün müəyyən addımlar atılıb. Maska çatışmazlığını aradan qaldırmaq üçün iki tibbi maska istehsal edən fabrik fəaliyyətə başladı. Bundan başqa, koronavirusla mübarizə tədbirlərində qoruyucu vasitələrin hazırlanması üçün xammal istehsalına da başlandı. Belə ki, aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda tələbatın kəskin artması səbəbindən dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı nəzərdə tutulan vaxtdan tez bərpa olunub. Sözügedən istehsalatın işə salınması EP-300 qurğusunda davam edən rekonstruksiya işlərinin tam bitməsindən sonraya planlaşdırılırdı.
May ayında isə “SOCAR Polymer” şirkəti qoruyucu maska istehsalı üçün aparıcı xammal olan HB 2662 FS markalı homopolimer propilenin ilk sınaq-sənaye partiyasını istehsal edib. Həmin homopolimerdən qoruyucu maskalar, respiratorlar, birdəfəlik tibbi geyimlər, uşaq bezləri, mebel və tikinti təyinatlı parçalar, habelə geotekstil növlərinin hazırlanmasında istifadə olunan toxunmamış materialların istehsalı üçün istifadə edilir.
İlkin olaraq 600 ton həcmində məhsul istehsal olunub.
Bundan başqa, əsas payı SOCAR-a məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” də Türkiyənin tibbi ləvazimatlara olan xammal tələbatını ödəməkdədir. “Petkim” daxili tələbatın ödənilməsi üçün qablaşdırma, birdəfəlik istifadə olunan plastik və tibbi ləvazimatlar üçün xam maddə istehsalını artırıb. “Petkim” tibbi maska və tibbi geyimlərin parçasının istehsalında istifadə olunan “polipropilen nonwoven” məhsuluna olan tələbatı tamamilə qarşılayır.