Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnformasiya agentlikləri pandemiya dövründə süni intellektdən daha geniş istifadə etməyə başlayıblar - FOTO

İnformasiya agentlikləri pandemiya dövründə süni intellektdən daha geniş istifadə etməyə başlayıblar -  FOTO

Tarix: 27 Iyun 2020 14:36

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti onlayn seminarında xəbər istehsalında mövcud vəziyyət və perspektivlər müzakirə olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, informasiya agentlikləri pandemiya dövründə xəbər istehsalı üçün süni intellektdən daha geniş istifadə edirlər. Jurnalistlərin bir çoxunun məsafədən işləməsi şəraitində bu texnologiyalar agentliklərin fəaliyyətindəki dinamikanı sabit saxlamağa və artırmağa imkan verir.

Koronavirus pandemiyası zamanı informasiya agentliklərinin fəaliyyəti, xəbər istehsalında mövcud vəziyyət və perspektivlər Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Giboinin moderatorluğu ilə keçən növbəti onlayn seminarda müzakirə olunub.

Təqdimatla çıxış edən Press Association xəbər agentliyinin prezidenti Klayv Marşal hazırkı vəziyyətdə əsas məqsədin xəbər istehsalının zəifləməməsinə çalışmaq, riskləri azaltmaq, yeni texnologiyalardan daha faydalı istifadə etmək olduğunu bildirib. "İndi bizim agentliyin xəbərlərinə daha çox ehtiyac yaranıb. Əməkdaşlarımız məsafədən çalışsalar da, xəbər istehsalının azalmasına yol vermədik. Bu istiqamətdə həm də süni intellektdən daha çox istifadə etməyə başladıq. Bu texnologiya vasitəsilə bir ayda 17 min xəbər hazırlayıb abunəçilərə göndərdik", - deyə o qeyd edib.

Hazırda agentliklərin xəbərlərinə olan böyük tələbatı postpandemiya dövründə də saxlamaq üçün mövcud imkanları itirməməyin önəmli olduğunu deyən Klayv Marşal bildirib ki, qeyri-müəyyənliklərə baxmayaraq, inkişaf və fəaliyyətin şaxələndirilməsi strategiyasına diqqət yetirmək lazımdır.

Azərbaycanda pandemiya şəraitində AZƏRTAC-ın iş təcrübəsini bölüşən İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti Aslan Aslanov qeyd edib ki, hazırkı vəziyyətdə insanlar daha etibarlı informasiya mənbələrinə üz tutur və bu səbəbdən agentliklərə müraciətlərin sayı artır. "AZƏRTAC karantin rejiminə baxmayaraq, informasiya istehsalında müsbət dinamikanı saxlayır. Əməkdaşlarımızı COVID-19 virusundan qorumağı prioritet hesab edirik. Vətəndaşları, ilk növbədə, COVID-19-a qarşı mübarizə tədbirləri, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə dövlətin həyata keçirdiyi sosial-iqtisadi dəstək proqramları maraqlandırır. Biz də bu məsələlərlə bağlı xəbər, video, infoqrafika, analitik materiallar hazırlayaraq yayırıq. Deyə bilərəm ki, bu dövr AZƏRTAC və bütün agentliklər üçün də imkanların və resursların sınağı oldu", - deyə Aslan Aslanov vurğulayıb.

Görüşdə COVID-19 pandemiyasının informasiya mühitinə təsirləri, perspektivlər, mümkün böhran vəziyyətlərindən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda yaradılıb. Dünya informasiya siyasətinə mühüm təsir göstərən təşkilat öz sıralarında Avropanın 32 xəbər agentliyini birləşdirir. Buraya Böyük Britaniyanın Press Association, Fransanın France Press, Almaniyanın DPA, İspaniyanın EFE, Rusiyanın TASS, Türkiyənin Anadolu kimi böyük agentlikləri daxildir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.


Etiketlər:  İnformasiya agentlikləri pandemiya dövründə süni intellektdən daha geniş istifadə etməyə başlayıblar FOTO


RƏYLƏR