Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2020 14:32
Bakı. Trend:
Misirin Farmasevtika İdarəsi “AstraZeneca” şirkəti ilə gələcəkdə Oksford Universitetinin COVID-19-a qarşı vaksininin tədarükünə dair kontrakt imzalayıb.
Trend xəbər verir ki, dövlət qurumu olan bu idarə vaksinin miqdarını və göndəriləcəyi vaxtı açıqlamayıb.
Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatı isə yeni növ koronavirus pandemiyasına yoluxmaların və vəfat edənlərin sayının azalmadığını göstərir. Belə ki, son sutka ərzində Misirdə daha 1342 nəfər COVID-19-a yoluxub, 79 pasiyent isə həyatını itirib. Yoluxanların ümumi sayı 74 mini keçib, 3280 pasiyent isə vəfat edib. Məlumatda indiyədək 20 mindən artıq insanın müalicə olunaraq evə buraxıldığı bildirilib.
Misir hökuməti bəyan edib ki, artıq karantin xəstəxanaları yerli farmasevtika şirkətlərinin istehsalı olan “Remdesivir” preparatı ilə təmin edilir. COVID-19-un müalicəsində effektiv olan bu dərmanın ixracı isə yerli tələbat ödənildikdən sonra həyata keçiriləcək.