Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həllini gözləyən erkən nikah problemi

Həllini gözləyən erkən nikah problemi

Tarix: 9 Iyul 2020 23:36

Azərbycanda qızların hələ nikah yaşına çatmadan ailə qurması, əksər hallarda buna məcbur edilməsi cəmiyyətimizin ciddi problemləri sırasındadır. Əsrlər boyu dillər əzbəri olan "tez oyananla tez evlənən uduzmaz" məsəli nə qədər populyar olsa da, evlilik baxımından məntiqli deyil.

Psixoloq Zeynəb Eyyubova bildirir ki, hər bir insanın bioloji və psixoloji yaşı olur. Bioloji yaş onun doğum tarixi ilə, psixoloji yaş isə, ağlı, zəkası, düşüncəsi, həyata baxışı ilə əlaqəli olur.

Yeniyetməlik dövründə uşaqlar hansı problemlərlə qarşılaşır ...

"Amma evlilik üçün konkret psixoloji baxımdan demək olar ki, yaş yoxdur. Yetkinlik yaşı kimi 11-18 yaş qəbul edilir. Bəzi alimlər isə bu yaşı 11-20 kimi qəbul edir. Amma müasir psixologiya alimləri deyir ki, əgər bir insanın 25 yaşı varsa, hələ də yetkinlik yaşına aid olan hərəkətlər edirsə, deməli o insan hələ də yetkinlik yaşından çıxmayıb. Evlilikdə də belədir. Ola bilsin ki, qızın yaşı olsa da, o ailə qurmağa hazır deyil. Müasir qızlara nəzər salsaq, görəcəyik ki, artıq 15 yaşında tam qadın kimi düşünür, qadın kimi hərəkət edir və ruhu hazırdır. Amma bəzi qızlar var ki, 24-25 yaşı var, amma evliliyə hazır deyil. Belə bir qız gedib bir insanla bir ailə həyatı qurub, onunla bir baxış məcrasından ailə həyatına baxa bilməyəcək", - deyə psxioloq bildirir.

"İstər oğlan, istər qız olsun, ailə məsuliyyətli bir iş, məsuliyyətli yoldur. Buna hazır olmamış çıxanda elə bilin ki, siz bir səfərə azuqəsiz çıxırsınız. Mütləq şəkildə hər bir övlada ali təhsil verilməli, ruhi, fiziki və cismi cəhətdən böyüdülməli, sonra ailə həyatı qurmasına icazə verilməlidir", - deyən ekspert bildirib ki, yuxarıda sözügedən qərar verilərsə, bu halların artımı müşahidə edilə bilər.

Sonxeber.net gencaile.az-a istinadən bildirir ki, çünki bəzi insanlar qadağalara meyilli olur. Yəni onlara olmaz dedikdə onlar "olar" deyə anlayırlar.

"Məsələn uşağa getmə, gəlmə, alma demək olmaz. Onlar bu sözləri eşitmir. Sən alma deyəndə o alır. Kişilərdə də bu xarakter var. Həyat yoldaşları və ya anaları "etmə" deyəndə onlar bunu "et" kimi qəbul edirlər. Mənə elə gəlir ki qanunla yanaşı, maarifləndirmə də olmalıdır. Niyə 18 yaşından kiçik insanlara qadağalar var. Bu izah edilsə, daha məqsədə uyğun olar" - deyə psixoloq bildirir.

Sosioloq Tərlan Tağıyeva deyir  ki, Azərbaycan Respublikasında nikaha daxil olmaq üçün nikah yaşı 18-dir. Bu yaş həddi hər iki cins üçün keçərlidir. Nikaha daxil olmaq üçün tərəflər ərizə forması ilə müvafiq İcra Hakimiyyəti orqanına müraciət edirlər. Müraciətdən bir ay sonra onların iştirakı ilə tərəflər arasında nikah bağlanır. Nikah yaşının 18 olmasına baxmayaraq müvafiq icra hakimiyyəti orqanı üzrlü səbəblərdən onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Onun sözlərinə görə, valideynlər qız uşaqlarına, mümkün qədər ali təhsil verməmiş ruhən və cismən böyütməmiş ailə həyatı qurmağa icazə verməməlidir.

Sosioloq hesab edir ki, qanunda birmənalı şəkildə nikah yaşı heç bir güzəştsiz 18 yaş olmalıdır. Çünki güzəştlər olduqca sui-istifadə halları da olur: "18 yaşından aşağı olan gənclərimiz həm fizioloji, həm də psixoloji olaraq ailə həyatına hazır olmurlar. Təbii ki, erkən nikahın bağlanmasının bir sıra səbəbləri ola bilər (ailənin təkidi, məcbur qalmaq, sevgi, hamiləlik halları, təcavüz və s) . Bəzi bölgələr vardır ki, erkən nikah orada adət-ənənə halına gəlib. Digər hallarda isə gənclər aralarında sevgi hissinin olduğunu hesab edir və valideynlərinin razılığı ilə nikaha daxil olurlar. Lakin bu ya yanlış və yaxud da vaxtından öncə verilmiş bir qərardır. Boşanma hallarının statistik rəqəmlərinin artmasına səbəb olan amillərdən biri də erkən nikahlardır. Çünki tərəflər ilkin gənclik dövründə olduqları üçün bioloji baxımdan gənclik orqanizmi fiziki cəhətdən tamamlanmış olmur. Eləcə də psixoseksual baxımdan cinsi yetişmə tamamlanmış olmaya bilər".

Mütəxəssis bildirir ki, ilkin gənclik yaşı 15-17-dir. Yetkin gənclik yaşı isə 18-21-dir. Bəzi alimlər isə yetkin gənclik yaşını 18-25 yaş dövrünə aid edirlər. Psixoloqların fikrincə, gənclərin formalaşması həm bioloji, həm psixoloji, həm psixoseksual, həm də sosial amillərin təsiri altında baş verir. Yəni, 18 yaşına çatmamış şəxs tam olaraq formalaşmadığı üçün ailə həyatının nə olduğunu tam olaraq dərk etmir. Nikaha daxil olduqdan sonra yaxın gələcəkdə ana və ata statusunu qazanmış olurlar.

Belə ki, ana və ata statusunu qazanmaq üçün fərdlər həm maddi, həm də mənəvi cəhətdən hazır olmalıdırlar. Erkən nikahlar boşanma halları ilə yanaşı, kimsəsiz uşaqların artması, uşaqların uşaq evlərinə atılması, eləcə də natamam ailələrin uşaqlarının sayının artmasına da səbəb olur.

"Digər mənfi hal isə 16-17 yaşında nikaha daxil olan gənclər təhsildən geri qalmış olurlar. Xüsusilə bu hal qızlarda müşahidə olunur. Və təəssüf ki, bu hal illər sonra onlara iqtisadi və psixoloji zorakılıq halları ilə geri qayıdır. Tədqiqatlar da göstərir ki, erkən nikahın fəsadları danılmazdır. Ombudsmanın Ailə Məcəlləsinin 10.2-ci maddəsinin (10.2 maddə: üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq İcra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər) Məcəllədən çıxarılması təklifi olub. Mən də sosioloq olaraq bu təklifi dəstəkləyirəm. Erkən nikahın qarşısının alınması üçün tək dövlət yox, eləcə də valideynlər səy göstərməlidirlər. Düşünürəm ki, mütəmadi olaraq bu mövzu ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir. Məktəblərdə, universitetlərdə gənclərə, kütləvi informasiya vasitəsilə valideyinlərə, eləcə də ictimaiyyətə erkən nikahın fəsadlarını çatdırmalıyıq. Erkən nikah ilə mübarizə birimizin deyil, hər birimizin missiyası olmalıdır. Cəmiyyət olaraq bizə sağlam düşüncə, sağlam gənclik və sağlam gələcək lazımdır" - deyə Tərlan Tağıyeva vurğulayıb.

Qeyd edək ki, hazırda Cinayət Məcəlləsinin 152-ci maddəsində isə yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə öz əksini tapıb. Bu əmələ görə şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Etiketlər:  Həllini gözləyən erkən nikah problemi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ