Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 15:06
Bakı. Trend:
Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edərkən sakinlərlə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və çox çalışırıq ki, hər bir yerdə inkişaf olsun, quruculuq, abadlıq işləri aparılsın”.
İlham Əliyev bildirib ki, yol inkişaf üçün əsas şərtlərdən biridir: “Buzovna-Mərdəkan yolu keçən il istifadəyə verilib. Bu yol mövcud deyildi. İndi isə yoldan istifadə olunur, yolboyu binalar tikilir, ictimai yerlər, ictimai obyektlər salınır. Yəni yol olan yerdə inkişaf da var. Azərbaycanda son illərdə bütün yerlərdə müasir yol infrastrukturu yaradılır, o cümlədən Bakı qəsəbələrində. İndi isə Mərdəkan-Qala yolunun açılışını qeyd edirik. Bu, əslində onu göstərir ki, hər bir sahədə, hər bir bölgədə ən müasir standartlar tətbiq olunur.
Bildiyiniz kimi, son 15 il ərzində ölkəmizdə 15 min kilometr yol çəkilib. Hər bir yerdə, hətta dağ kəndlərində, yol olmayan kəndlərə biz yollar çəkdik. Bu gün bu yollar həm insanlara xidmət göstərir, həm biznes imkanlarını genişləndirir, fermerlər üçün yeni imkanlar yaradır və yollar keyfiyyətli salınır. Çünki Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycanda yolların keyfiyyəti dünya miqyasında 34-cü yerdədir. Biz çalışırıq ki, hər bir sahədə ən yüksək standartları tətbiq edək və insanları narahat edən problemləri aradan götürək”.
Prezident vurğulayıb ki, qəsəbələrarası və qəsəbədaxili yollar diqqət mərkəzindədir: “Azəravtoyol” agentliyinə göstəriş verilib ki, Bakı qəsəbələrində yol infrastrukturuna çox ciddi fikir verilsin və demək olar ki, indi bu proses geniş vüsət alıb. Əminəm ki, bütün qəsəbələrdə daxili yollar təmir olunacaq, bərpa ediləcək və insanlara rahatlıq verəcək”.
Dövlət başçısı deyib: “Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmalıdır. Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin