Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 17:00
16:59
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, AFFA rəsmi saytı vasitəsilə Azərbaycan millisinin baş məşqçisi ilə bağlı verilən qərarı açıqlayıb.
Qərara alınıb ki, COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni de Byazi ilə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).
Həmçinin Arif Əsədovun baş məşqçinin köməkçisi təyin olunması məqsədəuyğun bilinib.
Qeyd edək ki, AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.
--------
14:57
Bu gün keçiriləcək AFFA-nın İcraiyyə Komitəsinin videokonfransında əsas müzakirə mövzusu Azərbaycan millisinin baş məşqçisi postuna namizədlər olacaq.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, 3 mütəxəssis - Canni de Byazi, Roy Kin və Arif Əsədov namizəd olsa da, birincinin təyin olunmaq şansı daha çoxdur.
Çünki italiyalı assosiasiyanın bütün tələbləri ilə razılaşıb. De Byazinin ən böyük üstünlüyü Roy Kindən fərqli olaraq, Azərbaycanda yaşamağa razılıq verməsidir. Həmçinin 64 yaşlı məşqçinin maliyyə şərtləri də AFFA üçün sərfəlidir.
Hazırkı durumda ilk seçimin De Byazinin üzərində aparıldığını söyləmək olar. Əgər qurum Millətlər Liqasının 2020/21 mövsümündə yığmanın sükanı arxasında yerli çalışdırıcının olmasına qərar versə, o zaman Arif Əsədov variantı üstünlük təşkil edəcək.
Qeyd edək ki, hazırda Azərbaycan millisi baş məşqçisizdir. Son çalışdırıcı Nikola Yurçeviçlə ötən ilin dekabrında yollar ayrılıb.