Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 11:24
Bakı. Trend:
Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının onlarla nümayəndəsi Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin iştirakı ilə videokonfransa qatılıb və ölkəmizin dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın Azərbaycana qarşı növbəti təxribatından sonra vahid platforma üzərindən hərəkət etməyə qərar verdiklərini bildiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin sədri Fuad Muradov Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı barədə danışıb, düşmənin qəfil və xain hücumu nəticəsində hərbçilərimizin və mülki şəxslərin həlak olduğu və yaralandığı, Azərbaycan Ordusunun bu təxribata layiqli cavab verdiyi barədə ətraflı məlumat verilib.
Döyüşlərdə şəhid olan hərbçilərimizin qəhrəmanlıqları dilə gətirilib və onların xatirəsi yad edilib.
Bu ağır günlərdə hər zaman olduğu kimi Türkiyənin Prezidenti Rəcəb Teyyub Ərdoğan başda olmaqla bütün dövlət rəsmilərinin və türk xalqının Azərbaycanın yanında olduğunu, qəti mövqe sərgilədiyini vurğulayan komitə sədri bildirib ki, 15 iyul həm də qardaş ölkədə dövlət çevrilişi cəhdinin qarşısının alınmasının növbəti ildönümüdür və bu yolda canlarını verən qəhrəman türk övladlarının əziz xatirəsini dərin hörmətlə anırıq.
Müzakirələr zamanı Türkiyədə yaşayan soydaşlarımız diaspor təşkilatlarının bir araya gəlməsinə, Koordinasiya Şurasının yaradılmasına, vahid platforma üzərindən hərəkət etməyə böyük ehtiyac olduğu bildirilib. Azərbaycan diasporunun həyata keçirdiyi tədbirlərin koordinasiyalı şəkildə dünyada işıqlandıracaq media orqanının (qəzet, internet saytı və onlayn media qrupu) yaradılması ilə bağlı ortaq qərara gəliblər. Tədbir iştirakçıları bildiriblər ki, Qərbə və türk icmalarına dəqiq və səhih məlumatların çatdırılması üçün Dövlət Komitəsinin informasiya dəstəyi göstərməsi olduqca vacibdir.
Qardaş ölkədəki diaspor təşkilatlarının fəaliyyətini qiymətləndirərkən komitə sədri soydaşlarımızın yeni dövrün çağırışlarına hazır olmasının vacibliyindən danışıb. Ermənistanın ölkəmizə qarşı törətdiyi və planlaşdırdığı təxribatlar, Azərbaycan həqiqətləri ilə bağlı dürüst informasiyaların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması kimi məsələlərdə dünyadakı türk icması ilə birgə fəaliyyət göstərməyin əhəmiyyəti vurğulanıb.