Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 10:00
Bakı. Trend:
4 ilə yaxındır ki, vətəndaşlarımız və investorlar üçün alternativ investisiya imkanı təqdim edən və yatırım üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 17 iyul tarixində baş tutan sayca 15-ci faiz ödənişi nəticəsində sahiblərinə yenidən 1 milyon 250 min dollarlıq gəlir qazandırdı. İstiqraz sahiblərinin ümumi qazancı hazırda 18 milyon 750 min dollar təşkil edir.
“SOCAR Capital” şirkətindən Trend-ə verilən məlumata əsasən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.
Təkrar bazar əməliyyatları həcminin $190 milyonu ötməsi, bağlanmış əqd sayının 2.200–ə çatması, buraxıldığı tarixdən indiyədək Bakı Fond Birjasında ən çox tədavül edilən korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının $36 milyonu aşması SOCAR İstiqrazlarına olan böyük tələbatdan xəbər verir.
SOCAR İstiqrazı sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Bu halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə qədər enmiş olur.
1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 oktyabr tarixində baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların xidmətindədir.