Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 14:12
1 saylı Kliniki Tibbi Mərkəz ("Semaşko") iyunun 18-dən etibarən bütünlüklə COVİD 19 xəstələrini qəbul etməyə başladı. Artıq 4 ay idi ki, koronavirus xəstələrinin psixiatrik konsultasiyası ilə məşğul idim. Son vaxtlar, təbii ki, xəstələrlə psixiatrik konsultasiya vaxtı hər bir xəstə ilə 20 dəqiqə, 30 dəqiqə, 40 dəqiqə məşğul olurdum. İstər-istəməz virus yükü qoruyucu geyimlər, maska, əlcək olmasına baxmayaraq orqanizmdə artır.
Bunu Sonxeber.net-a müsahibəsində 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") koronavirusa yoluxan konsultant psixiatrı Aytən Namazova deyib:
Səhhətinizdəki hansı şikayətlərinizdən sonra yoluxduğunuzdan şübhələndiniz?
- Bir neçə müddət idi ki, gün ərazində ümumi halsızlıq, yorğunluq, taqətsizlik hiss edirdim. Bunu, sadəcə, iş rejimi ilə əlaqədar olaraq xroniki yorğunluq sindromu kimi qiymətləndirirdim. Artıq iyulun 5-i tarixi axşam saatlarında səhhətimdə narahatlıqlar yarandı, temperatur yüksəldi, aşırı halsızlıq şikayətlərimlə çalışdığım 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") qəbul şöbəsinə müraciət etdim. Kompüter Tomoqrafiya (KT) olundum, COVİD-19 infeksiyasına görə yaxma götürüldü. Yaxmanın (Testin) nəticəsi neqativ olaraq dəyərləndirildi. Testin neqativ, pozitiv olmağı bir o qədər fərq etmir, əsas klinik əlamətləridir. Günbəgün, saatbasaat xəstəliyin klinik əlamətləri irəliləyirdi. Aşırı tənginəfəslik, boğulma hissi, boyun-boğaz nahiyəsində göynəmə, yanğı hissi, temperatur yüksəkliyi, öskürək başladı.
Bir çox həmkarlarınız bu gün COVİD 19-a yoluxub. Bu xəstəliyi digərlərindən fərqləndirən nədir?
- KT müayinəsində ilk dəfə elə bir şey göstərilməsə də 3-4 gün sonra rentgendə pnevmoniya başlamışdı. Koronavirus sürətli olaraq günbəgün ağırlaşan bir xəstəlikdir. Ola bilər 5 gün qabaq heç nə olmasın, 3 gündən sonra koronavirus ağciyərlərdə ciddi dəyişikliklər yaratsın. Bir az geciksəydim, bu, mənə ağır fəsadlarla başa gələ bilərdi. İnanırsınız, bu xəstəlik insanı elə bir formada yaxalayır ki, son dönəmlər yaranan halsızlıq, taqətsizlik halından insan öz zövq aldığı işi görməkdə, qidalanmaqda, gündəlik həyat tərzində gördüyü işlərdə çətinlik çəkir. Mən xəstəliyin tez üstünə düşdüm, ağırlaşmağa qoymadım. Özüm xəstələrlə gündə ünsiyyətdə olduğum üçün bu xəstəliyin onlarda yaratdığı dəyişikliyi görürdüm deyə o simptomları özümdə hiss etdikdə artıq yoluxduğumu anladım. Hal-hazırda müalicəni Bakı Sağlamlıq Mərkəzində davam etdirirəm.
Hazırda durumunuz necə qiymətləndirilir?
- Vəziyyətim əvvəlki günlərə nisbətən qismən stabilləşmək üzrədir. İlk günlər vəziyyətim yaxşı deyildi amma. Sizlə danışmaq üçün qalxdım ayağa, su içdim, oksigen qəbul etdim, sonra sizlə danışa bildim. Gündəlik bir neçə dəfə inqalyasiyaya qoşuluram, müalicəm çox yaxşı gedir, temperatur düşür. İnanın ki, sanki həyata ikinci dəfə gəlirəm. Məndə xəstəlik başlayanda orta-ağır formada başladı. İndi nisbətən stabilləşir, kafi kimi qiymətləndirilir. İnşallah, ümid edirəm ki, tezliklə sağalıb ayağa qalxacam. İnanın mənə, bu dönəmdə karantin rejiminə riayət etmək lazımdır. Mütləq şəkildə tibbi maska taxmaq, maksimal dərəcədə izolyasiya qaydalarına əməl etmək, kütləvi olaraq toplaşdıqda belə sosial məsafə mütləq saxlanılmalıdır.
Bilirik ki, həkim dayınız da COVİD 19-un qurbanı olub. Siz özünüzdə bu xəstəliyin simptomlarını hiss etdikdə dayınızın koronavirusdan dünyasını dəyişdiyini xatırlayarkən hansı hissləri keçirdiniz?
- İnanın, nəyinki dayımın (24 iyun tarixində Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı 63 yaşlı Faiq Yusifov koronavirus infeksiyasından müalicə olunduğu xəstəxanada ölüb - red), həmçinin bizim klinikada müalicə olunan digər xəstələrdə baş verən ağırlaşmalar, gözlərində yaşamaq sevgisi, ümid dolu baxışları, gündəlik olaraq xəstəxana divarları arasında o yaşadıqları gözümün qarşısına gəlir. Hələ mən psixiatoram, özümü psixoloji olaraq hazırlasam belə, xəstəlik keçirən insan üçün bu, çox çətindir. Xəstəliyin klinik əlamətləri o qədər sürətli inkişaf edir ki, müalicə tez başlanmalıdır. Məsuliyyətsizlik etmək olmaz. Temperatur bəzən qalxır, düşünürlər ki, düşəcək. Axı bu ağciyərlərdə də ciddi potologoya verir, geri dönməz proses verir. O da ki gələcək həyatlarında çox ciddi dəyişikliklə, hətta ölümlə belə nəticələnə bilər. Ona görə dərhal həkimə müraciət etmək lazımdır, gecikmədən, yubanmadan.
Ailənizi neçə müddətdir görmürsünüz?
- Ailəliyəm, 7 yaşında bir qız övladım var. Bir neçə aydır ki, mən onun üzünü görmürəm (qəhərlənir). İnşallah, sağalıb qızıma qovuşmaq istəyirəm.
Təhməz Təkin