Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 15:24
Bakı. Trend:
Azərbaycan Dəmir Yolları elektrik təchizatında dəyişən cərəyana keçid edir. Artıq bununla bağlı ilk dəfə olaraq, dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub. Dəyişən cərəyanla işləyən yeni elektrovozun ilk test yürüşü Gəncə yaxınlığında yerləşən Alabaşlı stansiyasında keçirilib və uğurlu alınıb.
Azərbaycan Texniki Universitetinin Dəmiryol nəqliyyatının istismarı kafedrasının baş müəllimi, dəmiryolu üzrə ekspert Nicat Zöhrabov Trend-ə açıqlamasında yeni sistemə keçidin bir neçə üstünlüyünün olduğunu deyib.
1 yeni yarımstansiya 4 köhnəsini əvəz edəcək
Önəmli yeniliklərdən biri odur ki, dəmiryolunda yarımstansiyalarla bağlı xidmət və təchizat xərcləri azalacaq. Ekspert bildirib ki, sabit cərəyan sistemində hər 15 kilometr məsafədən bir yarımstansiya tikilibsə, dəyişən cərəyanla bu, 60-80 kilometr məsafəyə qədər artır, yəni 4 yarımstansiyanı indi sadəcə biri əvəz edə biləcək. Bu isə yarımstansiyalara göstərilən xidmətin və istifadə edilən təchizatın azalması, ümumilikdə isə xərclərə xeyli qənaət deməkdir.
Dəmiryolunda enerji itkisi azalacaq
N.Zöhrabovun sözlərinə görə, cərəyanın uzaq məsafələrə ötürülməsi cərəyan itkisini də azaltmış olacaq.
Lokomotivdəki nasazlığı məsafədən həll etmək olacaq
Bundan əlavə, yeni lokomotivlərin köhnələrdən əsas fərqi diaqnotika məsələlərinin məsafədən həll oluna bilməsidir: “Lokomotivdə baş verən hər hansı bir nasazlığı artıq depoda ötürücü sistem vasitəsilə müəyyən etmək olur. Dəyişən cərəyanla işləyən qatarlar bizdə bu günə qədər istifadə edilməyib və tam müasirdir”.
Sərnişin qatarlarının hərəkət sürəti artacaq
Dəyişən cərəyan sərnişin qatarlarının sürətinə, yük qatarlarının isə yükgötürmə qabiliyyətinin artmasına təsir edəcək. Ekspert bildirir ki, dəmir yolunda qatarların hərəkət sürəti əsasən, lokomotivin özünün konstruksiya sürətindən asılıdır: “Hər bir lokomotiv markasının özünün müəyyən sürəti var. Yeni lokomotivlər daha güclüdür, daha müasir avadanlıqlarla təchiz olunub. Məsələn, əvvəl Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlarda hərəkət sürəti 40-50 km/saat təşkil edirdisə, bu gün qatarların sürəti 120km/saata çatır. Burada yenilənən yol təsərrüfatı amili olsa da, qatarların konstruksiya sürəti buna imkan verir”.
Daha çox yükdaşıma imkanları yaranacaq
N.Zöhrabov vurğulayıb ki, Alstom şirkətindən alınan dəyişən cərəyanla işləyən lokomotivlər daha yüksək yükgötürmə imkanına malikdir. Bir qatara qoşulacaq vaqonların sayı və vaqonlara vurulacaq yükün həcminin artması ümumilikdə yükdaşımaları da artırmış olacaq: “Məsələn, sabit cərəyanla hazırda qatara 30-32 neft vaqonu qoşulursa, qatarın çəkim gücü, yolun maililiyi və digər şərtlər nəzərə alınmaqla, yeni lokomotivə daha çox vaqon qoşula bilər”.