Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 16:12
Bakı. Trend:
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə qurumun rəhbər heyətinin iştirak etdiyi “ASK CİS” Coğrafi İnformasiya Sistemləri layihəsinin yaradılmasının təqdimatı keçirilib.
ASC-dən Trend-ə bildirilib ki, CİS geniş və müxtəlif informasiyalı massivlər əsasında yaradılır. Bu sistem ehtiyatların inventarlaşdırılması, qiymətləndirilməsi, mühafizəsi və səmərəli istifadəsi, habelə onların istismarının nəticələrinin proqnozuna və təhlilinə imkan verir. Bununla bağlı “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin sifarişi ilə Coğrafi İnformasiya Sistemləri əsaslı “ASK CİS” sistemi yaradılıb. Sistemin yaradılması “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə regional mərkəzlər, şəxslər, müvafiq nazirliklər və agentliklər arasında vahid mərkəzləşmiş sistem üzrə məlumat mübadiləsi aparmaq imkanı yaradacaqdır.
Təqdimatda çıxış edən İstehsal və əməliyyatlar departamentinin direktoru İlham Bayramov bildirdi ki, məkana, mövqeyə söykənən qərarvermə müddətlərində istifadəçilərə köməkçi olmaq məqsədilə yaradılan bu sistem böyük həcmli coğrafi məlumatların toplanması, saxlanılması, işlənməsi, idarə edilməsi, məkansal analizi, sorğulanması, təqdim edilməsi funksiyalarının yerinə yetirilməsi üçün mükəmməl bir vasitədir və bu sistem avadanlıq, proqram, personal, məlumatlar və təhlil komponentlərinin məcmusudur.
Layihənin təqdimatında o da vurğulandı ki, yaradılmış yeni sistem «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin törəmə müəssisələrinin fəaliyyətində səmərəliliyin və hesabatlılığın artırılmasına şərait yaradacaqdır. Belə ki, CİS «Azərbaycan Sənaye Korporasiyası» ASC və onun törəmə müəssisələrinə məxsus daşınmaz əmlakların vahid uçot və idarəetmə sisteminin yaradılması, müvafiq məlumatların vahid bazada cəmləşməsi, torpaq sahələrinin və daşınmaz əmlak obyektlərinin xəritələndirilməsi, eləcə də istehsalın və tədarükün idarə edilməsində effektivliyin artırılması, peyk təsvirləri əsasında əkinlərin monitorinqi və əldə edilmiş məlumatlar əsasında təhlillərin aparılması, məhsuldarlığın proqnozlaşdırılması, həmçinin aqrotexniki tədbirlərə operativ nəzarət, uçot sistemi və xərclərin optimallaşdırılması, torpaq sahələrinə dair aktual məlumat bazasının yaradılması, məlumatların toplanması, emalı, saxlanması, təhlil və qiymətləndirməsinə imkan yaradacaqdır.
Layihə ilə tanış olan müşavirə iştirakçılarına bu sistemin tətbiqinin aqrar yönümlü müəssisələrdə aqrotexniki tədbirlərin düzgün idarə edilməsi və əkin sahələrindən səmərəli istifadə nəticəsində bol və keyfiyyətli məhsul istehsalı üçün də şərait yaradacağı bildirildi. Bundan əlavə qeyd olundu ki, CİS imkanları əsasında qeydiyyata alınmış bütün informasiyanın ierarxik struktura malik elektron arxivləşməsi həyata keçiriləcəkdir. Həmçinin sistem pambıq, tütün və digər əkin sahələrinin coğrafi məkan mövqelərinin təyin edilməsinə, kənd təsərrüfatı infrastrukturlarından istifadə imkanlarının müəyyənləşdirilməsinə, peyk sistemləri əsasında əldə edilmiş vegetasiya, suvarma və biokütlə məlumatları əsasında əkin sahələrinin təhlilinin aparılmasına, eləcə də torpaq analizi məlumatlarını daxil edərək, sahələrdə effektiv gübrələmə siyasətinin tətbiqinə, hər bir əkin sahəsi üzrə zəruri məlumatların daxil edilməsi və hesabatların əldə olunmasına imkan verəcəkdir.
Müşavirənin sonunda Korporasiyanın baş direktoru struktur vahidlərinə “ASK CİS” sisteminin aktuallığı və vacibliyi barədə fikir bildirdi. Bu sistemin tətbiq olunmasının qısa zaman ərzində başa çatdırılması, bu məqsəd ilə kadr potensialının inkişaf etdirilməsi, törəmə müəssisələrdə fəaliyyət göstərəcək əməkdaşlar üçün təlimlərin təşkil olunması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.