Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 14:21
Prezident yeni təyin olunan icra başçılarını videformatda qəbul edərkən mühüm tapşırıqlar verdi. Bu, həm də dövlət başçısının bütün məmurlara etdiyi ciddi xəbərdarlıqdır.
Bunu Sonxeber.net-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov Prezident İlham Əliyevin avqustun 24-də Biləsuvar və Saatlı rayon icra hakimiyyətləri başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulundakı nitqini şərh edərkən deyib.
O bildirib ki, gənc və perspektivli insanların irəli çəkilməsi dövlət başçısının yürütdüyü siyasətin mühüm tərkib hissəsidir:
"Bu baxımdan, Prezident yeni icra başçılarına böyük etimad göstərərək, onları məsul vəzifəyə təyin edərkən bildirdi ki, ilk növbədə, rayonlarda vəziyyət düzgün təhlil olunmalı, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır, insanları narahat edən problemlər öz həllini tapmalıdır. Bundan sonra Prezident başda olmaqla bütün dövlət məmurlarının xalqın xidmətçiləri olduğunu vurğuladı. Prezident dedi: "Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm".
Dövlət başçısı bildirdi ki, siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud olan problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll edilərsə, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik. Dövlət başçısı korrupsiya ilə ictimai nəzarətin vacibliyinə və efektivliyinə də toxunub. O qeyd edib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram".
Təhməz Təkin