Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 22:36
"Qələbəyə layiq idik. Çünki ilk dəqiqələrdən sonadək meydanda dominantlıq etdik. Açığı, belə oynayacağımızı gözləmirdim. Amma son iki məşqdən sonra baxımlı oyun göstərəcəyimizə inandım. Azərbaycanın yığmasının azlıqda qalması işimizə yaradı".
Bu fikirləri Lüksemburq millisinin baş məşqçisi Lük Holts UEFA Millətlər Liqasının I turunda Bakı Olimpiya Stadionunda Azərbaycanı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, rəqibin matçın startından etibarən müdafiə futbolu oynaması onu təəccübləndirməyib: "Yeni baş məşqçinin 4-4-2 sistemi ilə oynayacağını gözləyirdim. Düşünürəm ki, Canni De Byazi oyunçularının çıxışından razıdır. Çünki komanda azlıqda qaldıqdan sonra yaxşı təsir bağışladı".
Lüksemburqlu baş məşqçi penaltini Gerson Rodrigesin vurmasına da münasibət bildirib: "Bunu oyundan əvvəl müəyyənləşdirmişdik. Siyahıda 3 futbolçunun adı var idi. Onlardan biri də Rodriges idi".
Təcrübəli mütəxəssis Azərbaycan üzərində qələbədən sonra qrupdakı şansları dəyərləndirib: "Qrupun favoriti Monteneqrodur. Digər komandalar eyni səviyyədədirlər. Ümid edirəm ki, qarşıdakı matçlarda da belə oynayacağıq. Bizim öz oyun üslubumuz var. Bu gün qələbəyə layiq oynadıq. Düşünürəm ki, penalti, qırmızı vərəqə amili matçın nəticəsinə təsir etmədi" (Report).