Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 16:12
Bakı. Trend:
Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini S.Paşayeva sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə gedəcəyi məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 manatını və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini Samir Mehralıyev və tanışı Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Abbasov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.