Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2020 21:27
Ekspertlər sərnişinlərin təyyarədə koronavirusa yoluxma riskini qiymətləndirib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ekspertlərin fikrincə, sərnişinlərin təyyarənin göyərtəsində bir neçə saat bir-birinə çox yaxın oturmalarına baxmayaraq, uçuş zamanı COVID-19 xəstəliyinə yoluxma riskləri hamının düşündüyü qədər də çox deyil.
"Biz təyyarə salonunda sərnişinlərin kütləvi yoluxması hallarına rast gəlməmişik. Adətən virus daşıyıcısının bilavasitə yanında oturan şəxs zərər çəkir", - deyə Con Hopkins Universitetinin Sağlamlıq Təhlükəsizliyi Mərkəzinin böyük elmi işçisi və ABŞ-ın İnfeksionistlər Cəmiyyətinin nümayəndəsi Ameş Adalya bildirib.
Məsələ bundadır ki, laynerlərdə yüksək effektli havalandırma sistemləri quraşdırılıb. "Bu filtrlər hava yolu ilə yayılan mikrobların 99,9 faizini tutmağa qadirdir. Salonun havalandırılması mahiyyət etibarilə sterildir və virus hissəcikləri daşımır", - deyə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası məlumat verib. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Devid Nabarro da yaxşı filtrlər sayəsində təyyarədə səyahətin "nisbətən təhlükəsiz" olduğu fikri ilə razılaşıb.
Təyyarə göyərtəsində yoluxma ehtimalı bir sıra digər tədbirlər sayəsində də minimallaşır. Belə ki, hərarəti yüksək olanlar uçuşa buraxılmır. Bundan başqa, aviakompaniyaların əksəriyyəti sərnişinləri əllərini tez-tez yumağa və dezinfeksiya etməyə, həmçinin maska taxmağa çağırır. Bəzi aviadaşıyıcılar isə sosial məsafəni qorumaq məqsədilə salonda sərnişinlərin sayını məhdudlaşdırır.