Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 23:16
"Wi-Fi Alliance" təşkilatının saytında "Samsung" şirkətinin "Galaxy Tab Active 3" adlı yüksək davamlılığa malik yeni planşet buraxmağa hazırlaşması barədə informasiya dərc olunub.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, qurğunun "SM-T570", "SM-T575" və "SM-T577" kod adlı üç modifikasiyası təqdim ediləcək. Əsas "SM-T570" modeli yalnız "Wi-Fi" simsiz rabitə dəstəyini təklif edəcək. "SM-T575" variantı "4G/LTE" mobil rabitə şəbəkələrində işləyəcək. Böyük versiya - "SM-T577" isə beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyəcək.
Məlumata görə, planşetin bütün modifikasiyaları "Bluetooth 5.0" kontrolleri ilə təchiz ediləcək. Lakin "Wi-Fi 802.11ax" və ya "Wi-Fi 6" texnologiyası ilə uyğunluğun tətbiq edilməyəcəyi gözlənilir. Bu isə o deməkdir ki, yeni qurğu "Wi-Fi 802.11ас" standartının dəstəyi ilə kifayətlənəcək.
Bildirilir ki, qurğulara "One UI 2.x" interfeysli "Android 10" əməliyyat sistemi quraşdırılacaq. Müşahidəçilərin fikrincə, planşetin qiyməti təxminən 500 dollar təşkil edəcək.
Yeni planşet əvvəlki nəsil "Galaxy Tab Active 2" modeli kimi mühafizəli korpusa malik olacaq. İstifadəçilər qurğu ilə xüsusi qələm vasitəsilə işləyə biləcəklər.