Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 14:18
Azərbaycan beynəlxalq siyasətdə həmişə İslam həmrəyliyi prinsipindən çıxış edib. İslam həmrəyliyi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.
Bunu Sonxeber.net-a açıqlamasında ilahiyyatçı hacı Şahin Həsənli deyib.
İlahiyyatçı bildirib ki, hamımız ordumuza dəstəyik, hamımız qələbə günlərini gözləyirik, çünki o, bizim illərlə ürəyimizdə daşıdığımız bir həsrətdir:
Azərbaycanın haqlı olaraq müsəlman dünyasından gözləntisi var
Qurani-Kərimdə də Allah buyurur ki, "Hamınız Allahın ipindən yapışın və dağılışmayın, səpələnməyin, parçalanmayın". Yəni, İslam dini insanları birliyə dəvət edir və peyğəmbərimiz də buyurub ki, "Müsəlmanların misalı bir bədən kimidir. Bir üzvü ağrıyarsa, bütün bədən əziyyət çəkər". Ona görə, Azərbaycanın haqlı olaraq müsəlman dünyasından gözləntisi var. İslam dünyası, müsəlman dövlətləri birmənalı şəkildə bu haqq davasına dəstək verməlidirlər.
Azərbaycan ordusu torpaqlarımızı işğaldan özü azad etməyə qadirdir və azad edəcək
Azərbaycan torpaqları işğala məruz qalıb və Quranda da qeyd olunur ki, "Sizinlə vuruşanlarla siz də vuruşun və sizi çıxartdıqları yerdən siz də onları çıxarın". Yəni, bütün bunlar həm Qurani-Kərimin mövqeyidir, həm ədalətli bir mövqedir. Ona görə də Azərbaycan həmişə İslam dünyasını dəstəklədiyi kimi indiki şəraitdə Azərbaycanı da müsəlman dövlətləri birmənalı şəkildə dəstəkləməlidir. Azərbaycan xalqının bu mövzuda ciddi gözləntiləri var. Əlbəttə, böyük dəstək olsa da olmasa da Azərbaycan ordusu torpaqlarımızı işğaldan özü azad etməyə qadirdir və azad edəcək. Amma sadəcə, bu, bir dini və insani bir vəzifə kimi müsəlman ölkələri qarşısında dayanır və düşünürəm ki, bu vəzifəyə əməl olunmalıdır.
Azərbaycanda misli görünməyən bir coşqu var
Ümumiyyətlə, bu günlərdə Azərbaycan xalqının ruh yüksəkliyinin şahidiyik, Azərbaycanda misli görünməyən bir coşqu var. Torpaqlarımız qarış-qarış düşməndən azad edilir. Təbii ki, bu yolda itkilər də var, amma ümumiyyətlə, heç bir müharibə itkisiz olmur. Amma mən bunu itki də adlandırmazdım. Düzdür, bir Azərbaycan əsgərini belə itirmək istəməzdik, amma şəhid özü hər bir xalqın xoşbəxt gələciyini öz şəhadəti ilə təmin edir. Ona görə də şəhid itki deyil, qazancdır.
Biz düşmənə ağır zərbələr vurmalıyıq
Azərbaycan xalqına müraciət edərək bir daha xalqımızı birliyə, vəhdətə dəvət edirəm. Hamımız ordumuza dəstəyik, hamımız qələbə günlərini gözləyirik. Çünki o, bizim illərlə ürəyimizdə daşıdığımız bir həsrətdir. Artıq torpaqlarımız azad olunduqca insanlarımızın üzündə qürur əlaməti görürsən. Eyni zamanda, təbii ki, itkilər də var və itkilərə kədərlənməklə yanaşı, biz həmişə şəhid ailələrinə başsağlığı ilə yanaşı həm də gözaydınlığı da vermişik. Yəni, biz düşmənə ağır zərbələr vurmalıyıq. Bu, artıq ölüm-dirim savaşıdır və əsas da haqq bizimlədir. Quranda da buyrulur ki, "Əgər doğrusunuzsa, çəkilməyin". Biz doğru olduğumuz üçün, haqq olduğumuz üçün heç nədən qorxumuz yoxdur, qoy təcavüzkarlar qorxsun. Torpaqlarımızdan tezliklə rədd olub getsinlər və Azərbaycanın ərazi bütövlüyü tezliklə təmin olunsun".
Təhməz Əsədov