Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspert: Vətənpərvər şagirdlərin yetişməsi üçün tarix, ədəbiyyat, coğrafiya müəllimlərinin üzərinə daha böyük məsuliyyət düşür

Ekspert:  Vətənpərvər şagirdlərin yetişməsi üçün tarix, ədəbiyyat, coğrafiya müəllimlərinin üzərinə daha böyük məsuliyyət düşür

Tarix: 30 Sentyabr 2020 13:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Torpaqlarımızın 20 faizinin işğalda olduğu bir vaxtda orta məktəblərdə pedaqoji kollektiv milli şüur tərbiyəsinin aktual problem olduğunu dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirməli, şagirdlərlə mütəmadi olaraq bu istiqamətdə söhbətlər aparmalı, qəhrəmanlıq nümunələrindən danışılmalıdır.

Bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir:

"Danılmaz faktdır ki, ictimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz Vətəninin ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə ifadə olunur. Vətənpərvərlik tərbiyəsinin olması vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Məktəblilərin milli irsimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məktəblərimizin tədris prosesi ilə yanaşı qarşılarında duran ən mühüm vəzifələrdəndir".

E.Süleymanov qeyd edib ki, məktəbdə tədris olunan dərslər təhsilalanlara bilik verməklə yanaşı, gənc nəslin milli-mənəvi keyfiyyətlər, xüsusən də vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir. Bu baxımdan tarix, ədəbiyyat , coğrafiya kimi fənn müəllimlərinin üzərinə daha böyük məsuliyyət düşür:

"Məhşur ifadədə deyildiyi kimi, tarixini bilməyən millətin coğrafiyasını başqaları yazar. Ona görə şagirdərə bütün fənnlərin tədrisində milli-mənəvi hisslər aşılanmalı olsa da, ən çox yük tarix fənninin tədrisinə düşür. Bu fənnin tədrisində ölkəmizin tarixi, xalqımızın başına gələn bəlalar mütləq öyrədilməlidir ki, gənc nəsil bu proseslərdən dərs alsın".

Eyni zamanda müharibə veteranları müxtəlif tarixi günlərdə məktəblərə dəvət edilməli və onlarla şagirdlərin görüşləri keçirilməlidir. Bununla yanaşı məktəbin müxtəlif foye və güşələrində Qarabağ həqiqətlərini və qəhrəmanlarımızı təbliğ edən lövhələr vurulmalıdır. Şagirdlərdə vətənpərvərlik duyğularını artıran bir nüans da onların hər səhər himnimizin və bayrağmızın müşahidəsi altında dərsə başlaması və vətən, bayraq məfhumunun hər zaman öndə tutulmasıdır. Eyni zamanda dərsliklərdə vətənpərvərlik mövzuları mütəmadi işlənməlidir. Dövlət bayrağına və himninə hörmət ibtidai siniflərdən aşılanmalıdır".

Ekspert:  Vətənpərvər şagirdlərin yetişməsi üçün tarix, ədəbiyyat, coğrafiya müəllimlərinin üzərinə daha böyük məsuliyyət düşür - Gallery Image


Etiketlər:  Ekspert Vətənpərvər şagirdlərin yetişməsi üçün tarix ədəbiyyat coğrafiya müəllimlərinin üzərinə daha böyük məsuliyyət düşür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ