Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 21:21
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistanın davam etdirdiyi təcavüzlə bağlı açıqlama yayıb.
XİN-dən Sonxeber.net-a verilən məlumata görə, açıqlamada deyilir:
"15 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycanın sıx məskunlaşmış yaşayış yerlərini və mülki şəxslərini məqsədyönlü atəşə tutmağa davam edib. Səhər saatlarından etibarən, Azərbaycanın Ağdam, Ağcabədi, Goranboy və Tərtər rayonları artilleriya atəşinə məruz qalıb.
Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda dəfn mərasimi zamanı qəbirstanlığı bilərəkdən atəşə tutması nəticəsində 3 mülki şəxs həyatını itirib, 5 nəfər isə ciddi xəsarət alıb.
Məqsədli şəkildə Azərbaycanlı mülki şəxsləri hədəfə alaraq, dinc insanların hər hansı fərq qoyulmadan qətl edilməsi halı olan bu akt, Ermənistanın törətdiyi növbəti barbarlıq və insanlıq əleyhinə cinayətidir.
Ermənistan tərəfindən humanitar atəşkəsin kobudcasına pozulması bir daha onu nümayiş etdirir ki, bu ölkə münaqişənin siyasi həllində maraqlı deyil və Azərbaycana qarşı təcavüz siyasətini davam etdirmək məqsədini güdür.
Ermənistanın təcavüzkar siyasətini və bu ölkənin təcavüzü zamanı törətdiyi müharibə cinayətlərini qətiyyətlə pisləyirik. Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərə hörmət etməyi tələb edirik.
Humanitar atəşkəsə sadiq olduğumuzu qeyd edərək, Azərbaycanın öz mülki əhalisini müdafiə etmək suveren hüququnu özündə saxladığını bəyan edirik."